Peskov İstanbul danışıqlarının gecikmə səbəbini açıqlayıb
.jpg)
Tarix: 17:26 04.06.2025
İstanbulda keçirilməsi planlaşdırılan Rusiya–Ukrayna danışıqlarının növbəti raundunun tarixləri, tərəflərin iyunun 2-də sülh yolu ilə nizamlanmaya dair mübadilə etdikləri memorandum layihələrini öyrəndikdən sonra razılaşdırılacaq.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İnterfaksın məlumatına əsasən brifinq zamanı açıqlama verib.
“Aydındır ki, təqdim olunmuş memorandum layihələrinin nəzərdən keçirilməsi üçün müəyyən vaxta ehtiyac var. Tərəflər hazır olduqları zaman növbəti raundun tarixləri ilə bağlı razılığa gələcəklər”, – deyə Peskov, danışıqların dəqiq tarixi ilə bağlı razılığın olub-olmaması barədə sualı cavablandırarkən bildirib.
O, həmçinin Rusiya və Ukrayna arasında danışıqlar prosesinin uzanmaması üçün görüşlərin nə qədər tez-tez keçirilməli olduğu ilə bağlı suala da münasibət bildirib: “Burada görüşlərin müəyyən edilmiş sabit və təkrar olunan ardıcıllıqla keçirilməsi mümkün deyil".
Peskovun sözlərinə görə, bu məsələ tərəflərin hər bir raundu davam etdirməyə nə dərəcədə hazır olduqlarından asılıdır: “Əlaqələr davam edir və təmasların qurulması zamanı hər iki tərəf üçün məqbul vaxt çərçivələri müəyyən ediləcək".
Mənbə: Caliber
Aytən Ağazadə