Trampın icazəsi olmadan İsrail İranın nüvə obyektlərinə zərbə endirməyəcək

Bölmə: Siyasət › ,
Tarix: 22:15 06.06.2025

 

İsrail Vaşinqtonu əmin edib ki, ABŞ prezidenti Donald Tramp Tehranla danışıqların nəticəsiz qalacağına işarə etməsə, İranın nüvə obyektlərinə zərbə endirməyəcək.

 

Mövzu ilə bağlı politoloq, siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin bu mövqeyi ABŞ-İsrail münasibətlərində qarşılıqlı etimadın və anlaşmanın nə qədər dərində olduğunu göstərir.

 

"İsrail İranın növə obyektlərinə zərbə indirməsini Donald Trampın iradəsinə bağlamasının heç bir beynəlxalq hüquq çərçivəsi ilə əlaqəsi yoxdur. Çünki heç bir beynəlxalq sənəd, konvensiya ABŞ-ni dünyada sülhün təhlükəsizliyi və yaxud da kimisə növə silahının olub-olmamasına nəzarət etmək statusu ilə təmin etməyib. Yəni, ABŞ belə bir öhdəliyə malik deyil. Ona görə də İsrailin İranın növə obyektlərinə zərbə endirmə məsələsini Trampın iradəsinə bağlaması beynəlxalq hüquq normalarına yox, yalnız İsrail-ABŞ münasibətlərində məyyən razılaşmalara söykənə bilər. Aydın məsələdir ki, İsrailin bu mövqeyi ABŞ-İsrail münasibətlərində qarşılıqlı etimadın və qarşılıqlı anlaşmanın nə qədər dərində olduğunu göstərir. ABŞ-yə tək bu faktor deyilir ki, Yəmən husilərinin mövqeyinə zərbəni məhz İsrailin mənafeyi çərçivəsində endirdi. Eyni zamanda, İsrailin mənafelərinə tam dəstək əlaməti olaraq Qəzzalıların bu bölgədən köçürülməsini ideya kimi ortaya atıb. Bütün bunlar ABŞ-İsrail münasibətlərində qarşılıqlı etimadın və nəzarətin yüksək səviyyədə olduğunu göstərir. Əgər İsrail İranın nüvə obyektlərinə zərbələr endirəcəksə, bu halda hadisələrin məsuliyyətini tam şəkildə üzərindən atmağa çalışır. İsrail açıq şəkildə eyham vurur ki, İran nə qədər onun düşməni olsa da, bu məsələdə təkbaşına hərəkət etməyəcək. Burada ABŞ-nin mövqeyi həlledici rol oynayacaq. Bu isə o deməkdir ki, əgər İranla bağlı hadisələr kəskin hərbi zərbələrin endirilməsi ilə davam edərsə, həmin əməliyyatlara görə məsuliyyət təkcə İsrailin deyil, ABŞ ilə birgə bölüşüləcək. İsrail bu yolla demək istəyir ki, yaranacaq vəziyyətin yükünü təkbaşına daşımır, eyni zamanda ABŞ də bu prosesə ortaq məsuliyyət daşıyır. İranın nüvə proqramı ilə bağlı danışıqların nəticəsiz qalmasının səbəbini bölgədə mövcud olan risklərə bağlamaq düzgün deyil. Bizim bölgəmiz, yaxın və orta şərq bölgəsi onsuz da böyük risk altındadır. Tam açıq şəkildə qeyd etmək istəyirəm ki, yaxın və orta şərqin risk altında olmasını sadəcə İranın nüvə proqramı ilə bağlı danışıqlarının taleyinə bağlamaq reallığa uyğun deyil.

 

Çünki bu bütün məsuliyyətin əsasız şəkildə İranın üstünə atılması anlamına gəlir. Bölgədə olan risklərin kökləri müxtəlif yerlərə bağlıdır. O cümlədən bu gün Qəzzada baş verən hadisələr, törədilən qətliamlar, qəzzanın köçürülməsi ilə bağlı avanturist və fantastik planlar, yaxın şərq böhranının hələ davam etməsi, Fələstin dövlətinin mövcudluq və suverenlik hüququnun tanınmaması yəni bütün bunlar onu göstərir ki, bölgədə sülh üçün İranın nüvə proqramı qədər təhlükəli olan başqa mənbələr də mövcuddur. ABŞ-nin bu məsələni nəzarətdə saxlaması onun taktiki və strateji planlarından irəli gəlib.


ABŞ bu gün İran-İsrail qarşı durmasından, İran-Səudiyyə Ərəbistanın qarşı durmasından eyni zaman da gərginliyindən də özünə fayda götürür. Çünki ABŞ bu bölgədə İsraili dəstəkləməklə yanaşı, həm İsrailə rəqib sayılan ölkələri daimi qorxu altında saxlayır. İsrailə hər cür dəstək verməklə ona mesaj verir ki, bu bölgədə daha geniş bir Ərəb koalisiyasının İsraili məhv etməsinin qarşısını alan qüvvə yalnız ABŞ-dir. ABŞ özünün bu maraqlarını asan üsullarla həyata keçirir. Bu üsullarla ABŞ əslində həm İranı, həm İsraili, həm də bunların hər ikisinin əleyhinə olan Ərəb dünyası kəsimini daim nəzarətdə saxlaya bilir".

Səmayə Səftərova