İsrail Qəzzada xəstəxanalardakı cihazları yararsız hala salır

Tarix: 19:35 04.06.2025
İsrail ordusunun xəstəxanaları da hədəf aldığı Qəzza zolağında hücumlara baxmayaraq fəaliyyətini davam etdirən xəstəxanalardakı cihazların yüzdə 60-ının yararsız hala düşdüyü açıqlanıb.
Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrail ordusunun şiddətli hücumları və humanitar yardım və dərmanların ölkəyə girişini məhdudlaşdıran blokada altında olan Qəzzada xəstəxanaların vəziyyəti ilə bağlı məlumat verilib.
Açıqlamada bildirilir ki, xəstəxanalardakı qan bankları mövcud avadanlıqlarının yüzdə 40-ı ilə işləyə bilər.
Qəzzada fəaliyyət göstərə bilən xəstəxanalarda tibbi cihazların təmirinin mümkün olmadığı, ehtiyat hissələrinin tapılmadığı vurğulanıb.
Açıqlamada, "İşğalçı İsrailin qəsdən ziyan vurması nəticəsində cihazların 60 faizi yararsız hala düşüb",- deyilir.
Vurğulanıb ki, xəstə və yaralıların lazımi laboratoriya müayinələrinin aparılması üçün tibbi avadanlıqlar təcili şəkildə gücləndirilməlidir.
İsrail ordusu şiddətli hücumlar edərək humanitar fəlakətə səbəb olduğu Qəzzada onlarla xəstəxana və səhiyyə müəssisəsini bombalayıb, basqın edib və ya dağıdıb.
Qəzzadakı fələstinlilər deyirlər ki, İsrail “həyatı yaşanmaz hala gətirmək üçün” səhiyyə sistemini hədəf alır.
Mayın 29-da İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Əl-Avda xəstəxanasına hücum etməklə hədələyib və onun boşaldılmasını tələb edib.
Dünən Qəzzanın cənubunda öz ixtisasları üzrə xidmət göstərə bilən yeganə səhiyyə müəssisəsi olan Nasser Xəstəxanasının İsrail ordusunun deportasiya əmri verdiyi bölgədə yerləşdiyi üçün xidmətdən çıxma təhlükəsi ilə üzləşdiyi bildirilib.
Atəşkəs rejimini pozan İsrail ordusu Qəzzanı daimi olaraq işğal etmək üçün hərəkətə keçib.
Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.
İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət 4335 fələstinli həyatını itirib, 13300 nəfər isə yaralanıb.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda ən azı 54 607 nəfər həyatını itirib, 125 341 nəfər isə yaralanıb.
İsrail ordusu Qəzza zolağının işğalını genişləndirəcək və onu daimi edəcək hücum planını həyata keçirməyə başlayıb. Baş nazir Benyamin Netanyahu Qəzza zolağının hamısını işğal edəcəklərini açıqlayıb.
Plana görə, İsrail ordusu Qəzza zolağını daimi olaraq işğal edəcək və fələstinlilər Qəzzanın cənubundakı “toplama düşərgələrinə” deportasiya ediləcək. İsrail fələstinlilərə həbs düşərgələrində “sağ qalmaq” üçün kifayət qədər humanitar yardım verəcək.
İsrailli nazirlər Qəzza zolağında toxunulmaz qalan hər şeyi məhv etməyi və fələstinliləri əvvəlcə cənuba, oradan da başqa ölkələrə qovmağı planlaşdırdıqlarını açıqladılar.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli