ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsini bloklayıb

Tarix: 17:32 05.06.2025
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının Qəzza sektorunda atəşkəsə çağıran qətnamə layihəsinə veto qoydu və bununla da sənədin qəbulunu faktiki olaraq blokladı. Vaşinqton bu qərarını belə izah etdi ki, sənəddə HƏMAS-ın qınanması yer almayıb.
Qətnamə layihəsi Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü (E10 qrupu) adından və Sloveniya tərəfindən koordinasiya olunaraq təqdim edilib. Sənəddə Qəzzada dərhal humanitar müdaxilənin vacibliyi vurğulanırdı. Bildirilirdi ki, İsrailin davam edən hücumları dinc əhalinin vəziyyətinin kəskin şəkildə pisləşməsinə səbəb olub.
Keçirilən səsvermədə Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü qətnaməni dəstəklədi. Yalnız ABŞ əleyhinə səs verdi və daimi üzv kimi veto hüququndan istifadə etdi.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Doroti Şi bildirdi ki, Amerika tərəfi bu sənədin həm məzmununu, həm də formasını “qəbulolunmaz” hesab edir. “Bizim bu layihəyə qarşı çıxmağımız təəccüblü olmamalıdır. Biz dəfələrlə bildirmişik ki, HƏMAS-ın qınanmadığı heç bir təşəbbüsü dəstəkləməyəcəyik",- deyə Şi qeyd edib.
Sloveniyanın BMT-dəki daimi nümayəndəsi Samuel Jboqar isə E10 qrupu adından çıxış edərək qətnamənin bloklanmasına görə təəssüfünü ifadə edib. “Qətnamə qəbul edilmədi, amma 14 ‘lehinə’ səsi güclü bir siqnaldır,"– deyə o vurğulayıb. Jboqar bildirib ki, sənədi təqdim edən dövlətlər şüurlu şəkildə yalnız humanitar vəziyyətə fokuslanıblar ki, Şurada konsensus əldə olunsun.
O xatırladıb ki, humanitar yardıma çıxışın məhdudlaşdırılması və insanları qəsdən qidadan məhrum etmək beynəlxalq hüququ pozur və bunu heç bir müharibə məqsədi ilə əsaslandırmaq olmaz. “Biz ümid edirdik ki, bu, bizim ortaq mövqeyimiz olacaq”,- deyə əlavə edib.
Qətnamə layihəsi Təhlükəsizlik Şurasına iyunun 4-də təqdim edilib və Qəzzada artan aclıq təhlükəsi fonunda təcili humanitar reaksiya göstərilməsinə çağırırdı. Təşəbbüsü dəstəkləyən ölkələr arasında Sloveniya, Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Panama, Pakistan, Cənubi Koreya, Syerra-Leone və Somali yer alırdı.
Anadolu Agency
Ayan Əsgərova