"Görüş çox müsbət keçib, məni Pekinə dəvət edib"-Trampdan mesaj

Tarix: 15:44 06.06.2025
ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin telefon danışığı aparıblar. Görüşdən sonra açıqlama verən Tramp, danışığın hər iki tərəf üçün çox müsbət keçdiyini və yaxın zamanda iki ölkənin nümayəndə heyətlərinin bir araya gələcəyini bildirib. Tramp həmçinin Si Cinpinin onu Pekinə dəvət etdiyini söyləyib. Çin lideri isə verdiyi açıqlamada Tayvan məsələsinə diqqət çəkib.
Digər tərəfdən, Çin Sədri Si Cinpin də danışıqdan sonra bəyanat verib. Çin lideri açıqlamasında Tayvan məsələsini vurğulayaraq deyib:
“Trampı Çində qarşılamaqdan məmnun olarıq. Hər iki tərəf hərbi və iqtisadi sahələrdə bir-birinə qarşı anlayışı inkişaf etdirməlidir. Problemləri aradan qaldırmalıyıq. Hər iki tərəf anlaşılmazlıqları azaltmalı, qarşılıqlı anlayışı gücləndirməlidir. Çinin səmimiyyəti və prinsipləri var. Əgər razılaşma əldə olunubsa, hər iki tərəf buna əməl etməlidir.
ABŞ Tayvan məsələsinə diqqətlə yanaşmalıdır. Hər iki tərəf “qazan-qazan” formuluna əsaslanmalıdır. ABŞ Tayvanın müstəqilliyini dəstəkləyən az sayda separatçının Çin və ABŞ-ni təhlükəli qarşıdurmaya sürükləməsinə imkan verməməlidir".
Dünyanın ən böyük iki iqtisadiyyatı olan ABŞ və Çin qarşılıqlı olaraq gömrük rüsumlarını artırdıqdan sonra iki ölkənin nümayəndə heyətləri İsveçrənin Cenevrə şəhərində görüşüb, qarşılıqlı tariflər qismən azaldılıb. Ticarət gərginliyi fonunda Çin nadir torpaq elementləri və maqnit ixracını aprel ayında dayandırıb, bu isə gərginliyi daha da artırıb; avtomobil sənayesindən müdafiə sənayesinədək bir çox sahədə tədarük zəncirləri təsirlənib.
Ağ Evin sözçüsü Karolin Leavitt isə bir neçə gün əvvəl Tramp ilə Çin Sədri Si Cinpinin bu həftə ərzində görüşəcəyinin gözlənildiyini, ixrac qadağasının isə gündəmin əsas mövzularından biri olduğunu bildirib. O əlavə edib: “İdarəmiz Çin tərəfinin Cenevrə Ticarət Razılaşmasına uyğunluğunu yaxından izləyir".
Haberler.com
Aygün Babayeva