İsrail Qurban bayramı səhəri Qəzza sektoruna hücum edib

Bölmə: Dünya › ,
Tarix: 20:50 06.06.2025

İsrail ordusu Qurban bayramının birinci günü səhər saatlarında Qəzza zolağının bir çox bölgələrinə hava zərbələri endirib və artilleriya atəşləri açıb.

 

Şahidlərin sözlərinə görə, eksklavın cənubundakı Xan-Yunis şəhərində həm havadan, həm də qurudan eyni anda hücumlar həyata keçirilib. Oxşar hücumlar şəhərin mərkəzi, şimal və şərq hissələrində də baş verib.

 

Artilleriya atəşinə Batn əs-Səmin, Kizan ən-Nəccar, Sətr əl-Qərbi, Kətibə və Rəfah şəhərinin şərq məhəllələri düşüb. Xan-Yunis şəhərinin cənub hissəsindən qalın tüstü qalxıb.

 

Tibb mənbələrinin məlumatına görə, Xan-Yunis şəhərindəki Saraya həbsxanasının yaxınlığında İsrail əsgərlərinin atəşi nəticəsində Ömər Raid Əhməd əl-Qutati həlak olub. Bundan əlavə, əvvəlki hücum zamanı ağır yaralanmış Ömər Amir əl-Mədhun da dünyasını dəyişib.

 

Şahidlər bildiriblər ki, İsrail ordusu Xan-Yunis şəhərinin şimalında bir neçə binanı partladıb. Qəzza şəhərinin şərq hissəsində yerləşən Tuffah rayonu quru hücumuna məruz qalıb, Cəbaliyanın mərkəzi isə güclü hava zərbələri ilə vurulub.

 

Bayramdan bir gün əvvəl baş verən hücumlarda ölənlərin arasında uşaqlar, qadınlar və jurnalistlər də olub — ümumilikdə 41 fələstinli həyatını itirib.

 

Anadolu Agency

Ayan Əsgərova