Yaponiya-ABŞ tarif danışıqlarında irəliləyiş olub

Tarix: 11:44 09.06.2025
Yaponiya ilə ABŞ arasında tariflərin ləğvi ilə bağlı aparılan danışıqların beşinci raundunda müəyyən irəliləyiş əldə edilib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, Yaponiya ilə ABŞ arasında yüksək tariflərin aradan qaldırılması ilə bağlı danışıqların beşinci raundunda müəyyən irəliləyişin əldə olunması Tokio üçün mühüm iqtisadi və diplomatik əhəmiyyət daşıyır:
"Yaponiyanın baş tarif danışıqları üzrə nümayəndəsi Ryosey Akadzavanın verdiyi məlumata görə, avtomobil, ehtiyat hissələri, polad və alüminium kimi sahələrdə tətbiq olunan yüksək tariflər Yapon iqtisadiyyatına ciddi zərbə vurur. Akadzava hələlik konkret razılaşma barədə danışmaqdan imtina etsə də, prosesin müsbət istiqamətdə getdiyini bildirib. Bu prosesin fonunda diqqət çəkən iki əsas məsələ var: ABŞ-Çin ticarət münasibətləri fonunda yaranan regional dinamika və ABŞ-nin tarif siyasətinin iqtisadi-siyasi motivasiyaları. Son illər ABŞ və Çin arasında davam edən ticarət müharibəsi bir sıra Asiya ölkələrinə — xüsusilə Yaponiya, Cənubi Koreya, Vyetnam və Tayvana — strateji iqtisadi fürsətlər yaradıb. Çin məhsullarına tətbiq olunan yüksək tariflər ABŞ-nin bu boşluğu digər Asiya bazarları ilə doldurmasına səbəb olub. Bu isə Yaponiya kimi ölkələrə daha çox ixrac imkanları və ABŞ ilə iqtisadi yaxınlaşma şansı qazandırıb. Lakin ABŞ və Çin arasında tarif güzəştləri ilə bağlı mümkün razılaşma bu regional dinamikaya yeni bir istiqamət verə bilər. Əgər Çin məhsullarına tətbiq olunan tariflər yumşaldılarsa, ABŞ bazarındakı rəqabət kəskinləşəcək. Bu isə digər Asiya ölkələrinin ixrac potensialına mənfi təsir göstərə və ABŞ-nin həmin ölkələrlə tarif danışıqlarına marağını azalda bilər".
Ekspert həmçinin bildirib ki, Çinlə razılaşma ABŞ-nin strateji baxış bucağında Asiya-Sakit okean regionunda yeni güc balansları yaratmağa çalışdığını göstərir:
"Yəni təkcə iqtisadi deyil, həm də geosiyasi mövqelər nəzərə alınır. Belə bir razılaşma regional güclərin — o cümlədən Yaponiyanın — ABŞ-dan iqtisadi güzəşt gözləntilərinə mənfi təsir edə bilər. ABŞ-nin Yaponiya kimi müttəfiq ölkələrə qarşı belə yüksək tariflər tətbiq etməsinin arxasında bir neçə mühüm motivasiya dayanır. İqtisadi proteksionizm, ABŞ, xüsusilə Donald Tramp administrasiyası dövründən başlayaraq yerli istehsalı qorumaq üçün xarici məhsullara yüksək tariflər tətbiq etməyə başlayıb. Bu, “America First” iqtisadi modelinin mərkəzi sütunlarından biri idi və ABŞ sənayesinin dirçəldilməsi məqsədi güdürdü. ABŞ uzun müddətdir Yaponiya ilə ticarət balansında kəsrlə çıxış edir. Tariflər bu balansı düzəltmək və Yaponiya kimi ölkələri daha çox ABŞ məhsulu almağa təşviq etmək üçün vasitə kimi istifadə olunur. Tariflər təkcə iqtisadi alət deyil, eyni zamanda siyasi təzyiq vasitəsidir. ABŞ bu tarifləri danışıqlarda üstünlük qazanmaq, texnologiya, təhlükəsizlik və ya müdafiə sahələrində əlavə güzəştlər əldə etmək üçün istifadə edir. Yaponiya ilə ABŞ arasında davam edən tarif danışıqları yalnız iki ölkə arasındakı iqtisadi münasibətlərə deyil, bütövlükdə Asiya-Sakit okean regionunun ticarət balansına və güc dinamikasına təsir göstərir. Çinlə münasibətlərdə mümkün istiləşmə digər Asiya ölkələrinin ABŞ ilə münasibətlərinə əlavə risklər yarada bilər. Eyni zamanda ABŞ-nin proteksionist siyasəti həm iqtisadi, həm də siyasi maraqlarla idarə olunur. Yaponiya üçün isə bu danışıqlar öz sənaye sektorunu qorumaq və ABŞ ilə strateji tərəfdaşlıqda daha bərabər mövqe tutmaq baxımından həyati əhəmiyyət kəsb edir".
Ayşən Səlimova