Praqada Azərbaycan-Çexiya danışıqları baş tutub

Tarix: 13:28 09.06.2025
Praqada Azərbaycan və Çexiya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Görüşdə iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlıq perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər həmçinin enerji, nəqliyyat və yüksək texnologiyalar sahəsində birgə layihələrə dair fikir mübadiləsi aparıblar.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Çexiya arasında əməkdaşlıq təkcə siyasi deyil, həm də enerji sahəsində əhəmiyyətli nəticələr verə bilər:
“Azərbaycan-Çexiya münasibətləri əslində göründüyündən daha köklüdür. Çünki bu iki ölkə arasında əməkdaşlıq təkcə siyasi deyil, enerji, iqtisadi və texnoloji sahələri də əhatə edir. Son illərdə enerji əməkdaşlığı xüsusi olaraq genişlənməkdədir. Azərbaycanın TAP və TANAP layihələri vasitəsilə Avropaya qaz nəql etməsi prosesində Çexiya kimi ölkələrin marağının artması təsadüfi deyil.
Hazırda Azərbaycan Bolqarıstan, Rumıniya, Serbiya və Macarıstanla qaz təchizatı sahəsində sıx əməkdaşlıq edir. İndi isə Çexiya da bu prosesə qoşulur. Bu, həm Azərbaycan üçün iqtisadi dividentlər, həm də siyasi dəstək baxımından mühüm fürsətdir. Çexiya Azərbaycanın beynəlxalq təşkilatlarda dəstəkləyən əsas Avropa ölkələrindən biridir.
Əgər bu əməkdaşlıq infrastruktur layihələrinin Çexiyaya qədər uzadılması ilə nəticələnərsə, Azərbaycan qazı Çexiyada vahid Avropa qaz şəbəkəsinə inteqrasiya edilə bilər. Bu isə ölkəmizin Avropa enerji təhlükəsizliyində rolunu daha da artıracaq.
Çexiyanın Cənubi Qafqaza artan marağının əsas səbəbi isə Azərbaycanın qaz ixracı və enerji layihələrində strateji mövqeyidir. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələri alternativ enerji mənbələrinə yönəlir və Azərbaycan bu kontekstdə etibarlı tərəfdaş kimi çıxış edir.
Təbii ki, Azərbaycanın təkbaşına Avropanın enerji tələbatını tam qarşılaması mümkün deyil. Lakin Azərbaycan Gürcüstan və digər regional ölkələrlə əməkdaşlıq edərək bu yükü bölüşmək niyyətindədir. Orta Dəhliz kontekstində Transxəzər layihəsinin həyata keçirilməsi, Avropa ilə daha geniş əlaqələrin qurulması və investisiyaların cəlbi Azərbaycan üçün çoxşaxəli imkanlar yaradır”.
Ekspert qeyd edib ki, Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr təkcə ikitərəfli münasibətləri deyil, həm də regional enerji təhlükəsizliyini və iqtisadi sabitliyi gücləndirə bilər.
Solmaz Muradova