ABŞ və Çin arasında ticarət danışıqları müsbət siqnallar verir-İqtisadçı-ekspert

Tarix: 14:26 12.06.2025
Son dövrlərdə ABŞ və Çin arasında ticarət münasibətlərində müşahidə olunan gərginlik müəyyən qədər yumşalmağa doğru gedir. İyunun 9-da Londonda baş tutan danışıqlar bu istiqamətdə atılmış növbəti mühüm addım kimi dəyərləndirilir. Danışıqlarda Çin tərəfini Baş nazirin müavini Xe Lifen, ABŞ nümayəndə heyətini isə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir təmsil edib. Görüş zamanı qarşılıqlı tariflərin azaldılması və yeni ticarət mexanizmlərinin qurulması məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı iqtisadçı ekspert Elman Sadıqov “İnformator.az”-a açıqlamasında bildirib ki, ABŞ-Çin danışıqları real nəticələrə gətirib çıxara bilər:
“Bu danışıqları sırf simvolik addım kimi qiymətləndirmək düzgün olmaz.Trampın prezidentliyi zamanı ABŞ-nin tətbiq etdiyi tariflər ilkin mərhələdə daha düşünülmüş və iqtisadi məntiqə əsaslanan proteksionist siyasət kimi təqdim olunmuş, əsas hədəf isə Çinlə iqtisadi münasibətləri tənzimləmək olmuşdur. Bu yanaşma müəyyən nəticələr də göstərmişdir. Lakin Trampın ikinci prezidentlik dövrünə yaxın dövrlərdə bu siyasət populist və kütləyə yönəlmiş forma almış, artıq iqtisadi hesablamalardan çox siyasi ritorika və daxili auditoriyaya xitab edən addımlar şəklində irəliləmişdir. ABŞ bəzi ölkələrin cavab tədbirləri ilə üzləşmiş, bu cavablar bəzən daha sərt olmuşdur. Nəticədə yaranan vəziyyət Amerikanın iqtisadiyyatına da mənfi təsir göstərmişdir. Bütün bunlar fonunda tərəflər qarşılıqlı güzəşt və anlaşma ilə yeni mexanizmlərə keçidin daha məqsədəuyğun olduğunu başa düşmüşdür.Son danışıqlar isə göstərir ki, tərəflər artıq bu gərginliyin davam etməsinin hər iki ölkəyə mənfi təsirlər yaratdığını anlayır və buna görə də real dəyişikliklərə getməyə hazırdırlar”.
İqtisadçı bildirir ki, tariflərin azaldılması hər iki ölkənin iqtisadiyyatına yaxın müddətdə konkret təsir göstərə bilər:
“Tariflərin azaldılması ABŞ üçün daxili istehsal və emal sektorunun canlanmasına kömək edəcək, çünki Amerikanın istehsal etdiyi məhsulların bir çox hissələri xaricdən idxal olunur. Digər tərəfdən, Çin də bu yumşalmalardan faydalana bilər. ABŞ dünyanın ən böyük istehlak bazarıdır və Çin üçün bu bazarın qorunub saxlanması vacibdir. Çin iqtisadiyyatında müşahidə olunan yavaşlamalar neftə olan tələbatı azaldır ki, bu da dünya bazarında, o cümlədən Azərbaycan üçün ciddi təsirə malikdir. Çin-ABŞ münasibətlərindəki yumşalma həm də dünya iqtisadiyyatında sabitlik siqnalı verir”.
Elman Sadıqov əlavə edib ki, bu danışıqların uğurla nəticələnməsi geosiyasi baxımdan da əhəmiyyətlidir:
“Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ilə Rusiya arasında ritorika sərtləşib. Belə bir məqamda ABŞ-Çin münasibətlərinin sabitləşməsi strateji balans baxımından vacibdir. Bu yumşalma olarsa, Amerika və Çin iqtisadiyyatları üçün də faydalı olacaq, eyni zamanda qlobal ticarət sistemində müəyyən sabitlik yaradacaq. Danışıqların davam etməsi və tariflərin tədricən aradan qaldırılması yaxın aylarda daha konkret iqtisadi effektlər doğura bilər”.
Solmaz Muradova