"Ağdamda müasir müəssisələr görmək möhtəşəmdir"

Tarix: 20:33 12.06.2025
Bunu Ağdama ezam olunan əməkdaşına açıqlamasında Almaniyanın məşhur “Desma Schuhmaschine” şirkətinin rəhbəri Klaus Fris deyib. “Buradakı Sənaye Parkında əla şərait yaradılıb. Artıq məhsulları xaricə ixrac olunan “Bafco İnvest” ayaqqabı fabrikində istehsal bizim şirkətin müasir avadanlıqları ilə həyata keçirilir. Qeyd edim ki, biz sadəcə bir maşın satmırıq, həm də bütöv bir istehsal sistemi təqdim edirik. Məhsulların dizaynından tutmuş uğurlu istehsala qədər bütün fəaliyyətləri dəstəkləyirik. Buradakı mükəmməl qurğuları və istehsalı təmin edən müasir avadanlıqları görmək möhtəşəmdir”, – deyə o bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, biz Alman şirkətindən istehsal xətti almışıq və gələcəkdə Almaniyadan, İtaliyadan, Türkiyədən də istehsal xətləri ala biləcəyik:
“Qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir. Effektiv və texnoloji müəssisələrin qurulması ilə bu problemi həll etmək olar. Alman şirkəti keyfiyyətli xətlər satır. Bizə qarşı heç bir sanksiya və məhdudiyyət yoxdur. Texniki standartlar hər sahə üzrə fərqlidir və hər sahə üzrə keyfiyyət standartlarına cavab verilməlidir”.
Aygün Babayeva