Turizmdə Yaşıl Keçid-BMT-nin Bakıda Səsləndirdiyi Tələblər

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:52 12.06.2025

BMT Turizm Təşkilatının Avropa Regional Komissiyası turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsini tövsiyə edib.

Bu gün BMT Turizm Təşkilatının (ÜTT) Avropa Regional Komissiyasının Bakıda keçirilən 71-ci iclası çərçivəsində COP29-dan sonrakı dövrdə turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə bu sahənin milli və qlobal iqlim siyasətlərinə inteqrasiyası, iqlim tədbirlərinin sürətləndirilməsinin zəruriliyi və emissiyaların azaldılması məsələləri müzakirə edilib.

 

İclas çərçivəsində keçirilən “Təkandan Yüksəlişə: Turizmdə İqlim Dəyişikliklərinə Qarşı Fəaliyyətin COP29-dan Sonra İrəliləməsi” mövzusunda tematik konfransda, Avropa regionunda dayanıqlı turizm təcrübələrinin tətbiqinin təşviqi, "yaşıl keçid" üçün lazımi resursların səfərbər edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Bu məsələ ilə bağlı turizm agentliyi katibi Gülnar Mustafayeva “İnformator.az”a açıqlamasında bildirib ki, bərpa olunan enerji mənbələrindən istifadə, yerli memarlığa uyğun tikililər və icma əsaslı turizm xidmətləri vasitəsilə həm təbiətin, həm də yerli həyat tərzinin qorunması nəzərə alınır:

 

“Dövlət Turizm Agentliyi dayanıqlı infrastruktur prinsipləri üzrə nümunəvi təcrübələrin turizm sahəsində tətbiqini bir neçə istiqamətdə həyata keçirir.

 

2024-cü ildə təsdiq edilən Turizm və Rekreasiya Zonaları haqqında Nümunəvi Əsasnamənin davamı olaraq TRZ-lərin inkişafı istiqamətində Agentlik tərəfindən görülən işlər çərçivəsində dayanıqlılıq prinsiplərinin tətbiqi və bu ərazilərdə dayanıqlı turizmin inkişafının təmin edilməsi məqsədilə TRZ-də Dayanıqlı Turizm İnfrastrukturuna dair Çərçivə Sənədi hazırlanıb.

 

Bu sənəd dayanıqlı infrastrukturun planlaşdırılması, formalaşdırılması, biznes əməliyyatlarının həyata keçirilməsi və monitorinqi olmaqla bütün əsas mərhələləri əhatə edir. Eyni zamanda planlaşdırma mərhələsində risklərin dəyərləndirilməsi, dizayn və icra proseslərində davamlılıq prinsiplərinin tətbiqi və nəticələrin izlənməsi kimi konkret mexanizmləri nəzərdə tutur.

 

Bundan əlavə, “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu nümunəsində yerli icma ilə birlikdə həyata keçirilən layihələrdə dayanıqlı infrastruktur prinsiplərinə önəm verilib. Bərpa olunan enerji mənbələrindən istifadə, yerli memarlığa uyğun tikililər və icma əsaslı turizm xidmətləri vasitəsilə həm təbiətin, həm də yerli həyat tərzinin qorunması prioritet məsələlərdəndir".

 

Müsahibimiz qeyd edib ki, Azərbaycan 2023-cü ildə Turizm Bürosunun təşəbbüsü ilə Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının ölkə üzrə tərəfdaşı seçilib:

 

"Proqram “Səmərəlilik” (enerji və su israfını azaltmaq, karbon emissiyasını minimallaşdırmaq və s.), “Planet” (hotellərdə istehlak olunan məhsulların yenidən istifadəsi, təbiətyönümlü təmizlik məhsullarından istifadə və s.) və “İnsanlar” (icmanın faydalanması və bərabərsizliyin azaldılması) olmaqla üç sahə üzrə qruplaşdırılan 12 meyardan ibarətdir.

 

Həmçinin Dövlət Turizm Agentliyi 2024-cü ildə Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib və təşkilatla Anlaşma Memorandumu imzalanıb. Bununla da dayanıqlı turizmin inkişafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə Şuranın meyarlarının tətbiqi təşviq edilir.

 

Xatırladaq ki, COP29 çərçivəsində, COP tarixində ilk dəfə təşkil edilən “Turizm Günü”ndə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” zamanı “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” imzalanıb. Bəyannamə turizm sektorunda iqlim tədbirlərinin genişləndirilməsi məqsədilə sahənin milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiyasını əsas hədəf kimi müəyyənləşdirir. Eyni zamanda iqlim tədbirlərinin sürətləndirilməsinin təxirəsalınmaz zəruriliyini vurğulayaraq tərəfləri emissiyaları azaltmağa və dayanıqlı turizm təcrübələrini tətbiq etməyə çağırır".

 

Xədicə Məhərrəmli