Yaralı əsgərlərin dəyişdirilməsinin ikinci mərhələsi həyata keçirilib-Zelenski

Tarix: 21:08 12.06.2025
Ukrayna Prezidenti Vladimir Zelenski yaralı əsgərlərin dəyişdirilməsinin ikinci mərhələsinin baş tutduğunu bildirib. O qeyd edib ki, dəyişdirilən bütün əsgərlər təcili müalicəyə ehtiyac duyur.
Ukrayna ilə Rusiya arasında yaralı əsgərlərin dəyişdirilməsinin ikinci mərhələsinin uğurla tamamlandığını açıqlayan Zelenski, bu əsgərlərin hər birinin ciddi tibbi yardıma ehtiyacı olduğunu vurğulayıb.
“Rus əsarətindən hamının azad edilməsi üçün işləməyə davam edəcəyik”,– deyə Zelenski bəyan edib və bu dəyişimin baş tutmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Ukrayna lideri, əsir düşən bütün əsgərlərin evlərinə qayıtması üçün səylərin davam etdiriləcəyini xüsusi olaraq qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, 2 iyun tarixində İstanbulda əldə olunan razılaşmalar çərçivəsində Ukrayna, bir qrup Rusiya hərbçisini geri qaytarıb. Açıqlamada, qarşılığında Ukrayna Silahlı Qüvvələrinin bir qrup əsir hərbçisinin də Kiyevə təhvil verildiyi qeyd olunub. Bildirilib ki, Rusiya hərbçiləri hazırda Belarus ərazisində yerləşir. Onlara tibbi və psixoloji yardım göstərilir.
Nazirliyin açıqlamasında, bütün Rusiya əsgərlərinin Rusiya ərazisindəki hərbi tibbi müəssisələrə göndərilərək orada müalicə və reabilitasiya olunacaqları da bildirilib.
Əsir mübadiləsində iştirak edən hərbçilərin sayı barədə isə məlumat verilməyib.
TRT Xəbər
Nuray Əliyeva