İran-İsrail fonunda dünya müharibəsi təhlükəsi

Bölmə: Siyasət › ,
Tarix: 19:51 13.06.2025

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə və SEPAH-ın daha bir neçə üzvü hücum zamanı həlak olub.

Bundan əlavə, İsrail Təbriz aeroportuna zərbələr endirib. Hazırda İranda böhran vəziyyəti yaranıb.

 

Məsələ ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, İran rəhbərliyi hücuma sərt bəyanatlarla cavab verib və “qisas alınacaq” deyə bəyan edib:

 

“İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə və strateji hərbi hədəflərinə zərbələr endirib. İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində İranın yüksək vəzifəli generallarını və nüvə alimlərini öldürdüklərini bəyan edib.

Dövlət televiziyasının məlumatına görə, hava zərbələri nəticəsində İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani, “Xatəmül-Ənbiya” mərkəzinin rəhbəri general-mayor Qulam Əli Rəşidi, habelə bəzi yüksək vəzifəli şəxslərin ailə üzvləri və mühafizə heyətləri həyatını itirib. İranda ümummilli fövqəladə vəziyyət elan olunub.

İsrail hücumlardan sonra İranın cavab zərbəsi ehtimalını nəzərə alaraq hava məkanını bağlayıb və bütün hökumət kabineti bunker rejiminə keçib.

Əslində, prosesləri tam anlamaq üçün İran–ABŞ danışıqlarına baxmaq lazımdır. Xüsusilə, rəsmi Tehran danışıqlarda Vaşinqtonun təkliflərini qəbul etmir və inadkar mövqe sərgiləyirdi. ABŞ Prezidenti Donald Tramp hücumdan öncə “belə bir əməliyyatın mümkün olduğunu” deyib. Lakin sonradan “birbaşa iştirakımız yoxdur” açıqlaması ilə məsuliyyətdən yayınmağa çalışıb. Bu isə göstərir ki, ABŞ əməliyyatdan xəbərdar olub və müəyyən çərçivədə razılıq verib.

Nüvə məsələsində ABŞ və İsrailin məqsədi ortaqdır: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq. Amma yollar fərqlidir: İsrail gücə, ABŞ isə təzyiqlə danışıqlara üstünlük verir.

İran rəhbərliyi hücuma sərt bəyanatlarla cavab verib və “qisas alınacağı”nı elan edib. Bundan başqa, İran nüvə danışıqlarından çıxdığını açıqlayıb. Lakin cavabın miqyası hələlik məhduddur və bunun səbəbi aydındır: İran genişmiqyaslı müharibəyə girə biləcək siyasi, iqtisadi və hərbi gücdə deyil. İranda sosial narazılıq yüksəkdir. Bundan əlavə, gənc əhali rejimə qarşı etibarsızdır. Belə bir müharibə rejimin özü üçün riskli ola bilər".

 

Fatimə Şahverdiyeva