Boeing hissələri Hindistanda baş verən təyyarə qəzasından sonra ucuzlaşıb

Tarix: 21:18 12.06.2025
Şirkətin Nyu-York birjasında ticarət olunan hissələri, Hindistanın Gujarat əyalətinin Ahmedabad şəhərində yerləşən hava limanı yaxınlığında Air India şirkətinə məxsus təyyarənin qəzaya uğramasından sonra birja açılmamışdan əvvəlki ticarətdə təxminən 8% dəyər itirib.
Hindistan mediasında yer alan xəbərlərə görə, Ahmedabad şəhərindəki Sardar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından Londondakı Gatwick Hava Limanına uçan sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.
Hindistan mediasında Air India-nın 171 saylı reysi ilə uçan təyyarədəki sərnişin sayına dair fərqli məlumatlar yer alsa da, India Today xəbər agentliyi təyyarədə 230 sərnişin və 12 ekipaj üzvü olmaqla ümumilikdə 242 nəfərin olduğunu bildirib.
Digər tərəfdən, “Boeing 787-8 Dreamliner” tipli olduğu bildirilən təyyarədəki sərnişin sayı və qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
TRT Xəbər
Xəlilli Nigar