Formula 1 üzrə 2026-cı il Bakı Qran-prisinin vaxtı bəlli olub

Bölmə: İdman › ,
Tarix: 17:28 13.06.2025

"Təqvim həmişə ənənəvi olaraq oktyabr, noyabr aylarında ilkin dərc olunur. Keçən il aprel ayında dərc olundu, bu il bir qədər gecikdi və iyun ayında oldu. Çox maraqlıdır ki, əvvəlki illərdən fərqli olaraq bu il təqvimin altında ilkin versiya kəliməsi yoxdur. Yəni birbaşa "ilin təqvimi" kimi verilib".


Bu fikirləri Formula-1 yarışlarının şərhçisi, Azərbaycan Qran-prisinin səfiri Rəhim Əliyev "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, bu əsas da bizim yarışla əlaqədar bir qədər təəccüb oyadır:


"Çünki bizim yarış üçün sentyabr ayının 27-si, bazar günü ayrılıb. Ancaq həmin gün ölkəmizdə "Anım günü" kimi qeyd edilir. Buna görə də, bizim təşkilat vasitəsilə yarış vaxtının dəyişdirilməsi barədə müraciət olunub. Ümid edirik ki, anlayışla qarşılacanaq və vaxt dəyişiləcək. Artıq üç mövsümdür ki, ardıcıl olaraq 24 yarış yer alır, Ramazan Bayramına düşdüyünə görə, ərəb yarışları ilə başlamır, Avstraliyada başlayır. Avstraliya, Çin, Yaponiya gedir, sonra isə Ərəbistan yarışları olacaq.


Daha sonra yeniliklər var:Bu yerdə həmişə Mayami tək idi, Kanadanı mövsümün ortasından Mayaminin yanına çəkiblər. Amma yenə başa düşülməyən bir məsələ var. Mayami ilə Kanada coğrafi cəhətdən bir-birinə yaxın ərazilərdə yerləşirlər, ancaq 3 həftə vaxt, 3 həftəlik fasilə intervalı var. Təsəvvür edin ki, sürücülər burdan Mayamiyə gedirlər, 3 həftəyə yenidən Avropaya qayıtmalıdırlar, sonra okeanın o biri tayına uçmağa məcburdurlar. Əgər məqsəd Mayami ilə Kanadanı eyni yerə salaraq logistik xərci azaltmaq idisə, bu cür 3 həftəlik fasiləyə ehtiyac yox idi, 1 həftəlik qoşalaşan yarış kimi keçirilə bilərdi. Əgər keçən ilə bu ilki cari təqvimə baxsaq, əslində sıxlıq yoxdur, azaldılıb. Əvvəlki 2 il ilə müqayisədə mövsümün yay tətilinə, yəni 1-ci yarısında 14 yarış olurdu, 2-ci yarısında 10 yarış baş tuturdu və 2-ci yarını çox sıx edirlər. 14 yarışı bir yerə yığmaq üçün isə məcbur idilər ki, bir neçə üçləşmiş yarış, bir neçə qoşalaşan yarış təşkil etsinlər. Ancaq bu dəfə qeyd etdiyim kimi 3 həftə fasilə belə daxil edilib və 2 dənə qoşalaşan yarış olacaq. Maraqlı məqam burdadır ki, Avropa mövsümü Monaka ilə başlayır, yəni şəhər trası ilə və Madrid trası ilə, Madrid yarışı ilə başa çatır. O da şəhər trasıdır və Madrid yarışı bizim yarışdan 2 həftə əvvəl baş tutacaq".

 

Müsahibimizin sözlərinə görə, İspaniya yarışı Barselonada baş tutacaq:


“Formula-1 təcrübə şirkəti elə nəzərə alınıb ki, logistik çətinlikləri aradan qaldırmaq üçün sürücülər, mexaniklər, komanda üzvləri daha az o yana, bu yana gedəcəklər. Okeanın o üzündən bu üzünü sadəcə qeyd etdiyim kimi Mayami gedəcək. Mövsümün sonunda isə öyrəşdiyimiz üçlük yarış olacaq. Yəni belə baxanda ümumi olaraq əvvəlki illərlə müqayisədə təqvim daha kompakt, yararlı şəkilə salınıb. Qeyd etdiyim kimi bizim yarışdan əvvəldə olacaq Madrid yarışı ilə aramızda 2 həftə fərq var və bizdən sonra Sinqapur yarışı ilə də 2 həftə fərq var. Yəni bizim yarışı ya 1 həftə əvvələ, ya da sonraya salmaqla yuxarıda dediyim məsələni həll etmək olar. Təşkilat hər il əskiklikləri nəzərə alaraq ideal olmağa çalışır. Ümid edirəm ki, qarşıdakı illərdə, mövsümdə ideala daha yaxın təqvim əldə edəcəyik".

 

Zəhra Möhübbətova