Çimərlik mövsümü açıq elan edilir

Tarix: 18:47 13.06.2025
Azərbaycanda çimərlik mövsümü bu il də iyunun 15-dən etibarən başlayır.
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, insanlara çox təkidlə tövsiyə olunur ki, ictimai çimərliklərə getsinlər. İctimai çimərliklərdə insanlar çox olur, insanların çox olduğu yerlər daha təhlükəsizdir:
"İstər-istəməz kiminsə köməyə ehtiyacı olan zaman onu digər insanlar daha asanlıqla görə bilirlər. Digər tərəfdən bütün ictimai çimərliklərdə peşəkar xilasedici heyət olur. Bu FHN-nin təşkil etdiyi xidmətdir. Onlar həm insanların uzağa getməsinə nəzarət edirlər, həm də lazım olanda qayıqla sürətlə hansısa bir köməyi göstərə bilirlər. Küləkli günlərdə dalğalı olan zaman dənizə girmək qətiyyən olmaz. Çünki dalğalar insanları sahildən sahildən uzaqlaşdıra bilir. Paralel olaraq, heç kimin olmadığı vəhşi sahil ərazilərində, yəni dizayn olunmamış, təhlükəsizlik xidmətinin olmadığı sahil zonalarında çimmək qəti qadağandır".
O, həmçinin qeyd edib ki, digər məsələ tullantılarla bağlıdır:
"Xüsusilə, bərk tullantılar çimərlik mövsümündə ən böyük problemlərdən biridir. Bir çox vətəndaşlar təmizliyə riayət etmirlər. Özləri ilə apardıqları yeməklərin qalıqlarını, polietilen torbaları, plastik butulkaları dəniz sahilində atıb gedirlər. Bu da, əlbəttə, çox pis davranışdır və bütün bunlara nəzarət olunmalıdır. Ümumuiyyətlə, mön təklif edərdim ki, çimərliklərdə bir qayda olaraq, hər kəs özünə aid olan tullantını özü ilə aparsın. Bəzən tullantıları ordakı zibil qablarına atdıqda əlavə problemlər yaranır. İtlər həmin zibil qabılarını açırlar, orada tökülür, əlavə idarəetmə problemləri yaranır. Ona görə də həm də çimərliyə nəzarət edən qurumlar tərəfindən çox ciddi tələb qoyulmalıdır ki, hər kəs əvvala, elə məhsullar aparsın ki, onların tullantıları minimum olsun, bir də ki, qeyd etdiyimiz kimi yaradıqları tullantıları özləri ilə aparsınlar. Bu şüurlu vətəndaş yanaşmasıdır və bütün inkişaf etmiş ölkələrdə tətbiq olunur. Bu qayda ölkəmizdə də tətbiq olunarsa, bizim bir çox problemlərimiz həll olunar".
Billurə Quliyeva