“İsrailin İrana hücumu bütün qırmızı xətləri keçib”-Hizbullah

Tarix: 20:52 13.06.2025
Livanın Hizbullah təşkilatı İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumu ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada hücumun regionda ciddi gərginlik yaratdığı və beynəlxalq qaydaların pozulduğu bildirilib.
“İsrailin bu hücumu, ABŞ-ın tam dəstəyi və himayəsi ilə bölgədə bütün qayda və tarazlıqları pozan təhlükəli bir eskalasiyadır”, – deyə təşkilatın bəyanatında qeyd olunub.
İsrailin bölgəni alova sürükləyəcək məsuliyyətsiz addımlar atdığı, buna qarşılıq olaraq isə İranın “ən yüksək səviyyədə təmkin nümayiş etdirərək nüvə proqramını dinc məqsədlərlə davam etdirməyə çalışdığı” vurğulanıb.
Açıqlamada həmçinin bu hücumun İranı zəiflətməyəcəyi, əksinə onun suverenliyini və təhlükəsizliyini müdafiə etmək əzmini daha da gücləndirəcəyi qeyd olunub.
Hizbullah hücumun ABŞ-ın razılığı və birbaşa koordinasiyası ilə həyata keçirildiyini irəli sürərək, Vaşinqtonun bu məsələdə məsuliyyətdən yayınmasının mümkün olmadığını bildirib.
Sonda təşkilat İran xalqına və rəhbərliyinə başsağlığı verərək, onlarla tam həmrəylik içində olduqlarını ifadə edib.
TRT Xəbər
Xəlilli Nigar