"Böyük müharibə gözlənilir"

Bölmə: Siyasət › ,
Tarix: 21:31 13.06.2025

 

ABŞ Prezidenti Donald Tramp İran ətrafında vəziyyəti şərh edərkən deyib ki, hazırda Yaxın Şərqdə genişmiqyaslı müharibə təhlükəsi var.

 

“Hər şey çox sadədir: İran nüvə silahına sahib ola bilməz. Qalan məsələlərdə isə istəyirəm ki, onlar uğurlu olsunlar. İstəyirəm ki, möhtəşəm olsunlar. Biz onlara uğurlu olmaqda kömək edəcəyik, onlarla ticarət aparacağıq və lazım olan hər şeyi edəcəyik”, - Tramp qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İranın Suriyanı əldən verməsi ABŞ və İsrailin hədəflərinə çatmasında böyük maneələr yaradıb:

 

“İranın nüvə proqramı ilə bağlı danışıqlar effekt vermədi. Əslində bunu dəfələrlə qeyd etmişdik ki, danışıqların hədəfi nüvə məsələsi deyil. İranın Suriyanı əldən verməsi ABŞ və İsrailin bölgədə hədəflərinə çatmasında böyük maneələr yaratdı. İran Suriyada olarkən ABŞ PKK-nın ləğvinə əsla imkan verməyəcəkdi. Həmçinin İsrail Əsəd rejiminin bütün addımlarından öz faydası üçün istifadə edir, onu təhdid kimi göstərib istənilən aqressiyanı göstərirdi.

İsrailin İranı vurması gözlənilən idi. Ancaq aviasiya zərbələrinin davam etməsi İranın cavabına bağlıdır. Habelə kəşfiyyat məlumatları əsasında əgər İsrail hədəflərinə çatıbsa davam etməyə bilər. Ancaq İranın cavabı da dağıdıcı olarsa həmçinin İsrail məhv etmək istədiyi hədəfləri tam sıradan çıxara bilməyibsə şübhəsiz ki, davam edəcək. Təbii ki, İsrail və İran arasında müharibə gözlənilmir. Ancaq hər halda lokal hücumlar da narahatedicidir. Bölgə üçün, ölkəmiz üçün arzuolunmazdır. Ümumi iqdisadi əlaqələrə, habelə iqdisadiyyatın özünə zərər vura bilər. Müharibə bölgədə sülhü və sabitliyi təhdid altına ala bilər. Türkiyə bölgənin güc və söz sahibi kimi müdaxilə edə bilər”.

 

Politoloq qeyd edib ki, ABŞ və İran danışıqları İranın fikrini öyrənmək üçün idi:

 

 

“ABŞ-nin İranla apardığı danışıqların nəticə verməyəcəyini demişdik. Bu danışıqlar əslində İranın fikrini tam öyrənmək üçün idi. İranın ABŞ-nin İraq və digər ərəb ölkələrindəki bazalarına hərbi zərbələr endirməməsi üçün İsrail strateji nöqtələri sıradan çıxarana qədər ABŞ müdafiə etməyəcək və İsrailə dəstək vermədiyi görüntüsü yaradacaq. Ancaq özünün bazalarına ciddi problemlər yarada biləcək İran nöqtələrini İsrail vurandan sonra, təbii ki, hərbi, siyasi, iqtisadi yöndən İsraili dəstəkləməyə davam edəcək.

Ümumiyyətlə, bu zərbələr ciddi müstəviyə keçərsə, yəni böyük müharibə baş verərsə, ölkəmiz üçün də zərərlidir. İranda günahsız insanların həyatı təhlükə qarşısında qalacaq və çoxmilyonlu soydaşlarımız bundan əziyyət çəkəcək. Qaçqın, köçkün axınları bölgə ölkələrinə sirayət edərək regional inkişafa mane olacaq. Hesab edirəm ki, İsrail və İran arasındakı bu münaqişə böyük müharibə həddinə çatmamalıdır. ABŞ prezidenti stabil siyasət aparmır. Bir günün içində iki fərqli və zidd qərar qəbul edə bilər. İranın aqressiyası və məsələni bu həddə qədər daşıması da doğru deyil. Yəni, hər şey hədə yolu ilə, savaşla, qanla həll olunmur. Suriya və İraqda ABŞ ilə əməkdaşlıq bitmək üzrədir. İstifadə edərək sonda İsraillə başbaşa buraxdılar”.

 

Lalə Qurbanlı