Macarıstan və Slovakiya sanksiyalara qarşı çıxıb

Tarix: 15:40 24.06.2025
Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini hazırlayarkən gözlənilməz müqavimətlə üzləşib. Macarıstan və Slovakiya bu paketi bloklayıb. Hər iki ölkə Rusiyadan enerji asılılığını və milli maraqları əsas gətirir. Bu isə Aİ-nin xarici siyasətində birliyin zəifləməsi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, Macarıstan və Slovakiyanın bu addımı Aİ-nin vahid mövqe ortaya qoya bilmədiyini göstərir:
“Qeyd etdiyiniz kimi, Avropa İttifaqının 18-ci sanksiya paketi bloklanıb. Bu isə göstərir ki, Aİ-nin xarici siyasətində, xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı vahid mövqeyi yoxdur. Bu vəziyyət interqovernamentalizmin, yəni dövlətlərarası institutların birgə qərar mexanizminin zəifləməsi kimi də qiymətləndirilə bilər.
“Macarıstan və Slovakiya öz milli maraqlarını əsas gətirərək sanksiyaları qəbul etmirlər. Xatırladım ki, bu, ilk hal deyil. Macarıstan daha öncə də Rusiyaya qarşı sanksiyalara veto qoyacağını bildirib. Hazırda Aİ bu cür vetolardan yayınmaq üçün yeni mexanizmlər axtarır. Onlardan biri də üzv dövlətlərin ayrılıqda qərar verməsini nəzərdə tutan ‘avtodelilik’ modelidir”.
Ekspertin fikrincə, bu cür parçalanmalar Aİ-nin qlobal mövqeyinə mənfi təsir edir:
“İttifaqın vahid siyasi mövqeyə sahib olmaması, onun qlobal güc mərkəzi kimi çıxış etməsinə mane olur. Artıq daxilində fərqli qruplaşmalar formalaşır. Məsələn, ‘Veymar üçlüyü’ – Polşa, Fransa və Almaniya bu gün Ukraynaya ən çox dəstək verən ölkələrdir. Onlar daha çox ‘Ramştayn formatı’ çərçivəsində müzakirələr aparırlar. Bu isə Aİ daxilində fraqmentasiyanın dərinləşəcəyindən xəbər verir”.
Solmaz Muradova