İran təkzib etdi-Raket atmamışıq!

Tarix: 21:44 24.06.2025
İranın İsrailə raket atması ilə bağlı yayılan məlumatlar təkzib olunur, bu barədə İran televiziyası məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, bu qarşıdurma uzunmüddətli və genişmiqyaslı müharibəyə çevrilməyib:
"İranın dağılması, rejimin süqutu və bütöv Azərbaycanın qurulması ilə nəticələnəcək bir proses gözlənilirdi, lakin bu baş vermədi. Təəssüf ki, bu baş verənlər daha çox qısamüddətli, bəzən isə razılaşdırılmış bir qarşıdurma təsiri bağışlayır.Buna tam şəkildə "müharibə" demək də düzgün olmaz. Çünki müasir anlamda müharibə daha genişmiqyaslı və dərin nəticələr doğuran prosesdir. Bəziləri deyirdi ki, “Amerika heç vaxt İrana raket atmayacaq”. İndi bir-iki raket atılıb deyə başlayırlar ciddi olmayan, səthi şərhlər verməyə, hay-küy salmağa, kiməsə yönəlmiş piar qurmağa çalışırlar. Amma bu, müharibə deyil. ABŞ-nin İranı dağıdacaq, parçalayacaq və rejimi dəyişəcək planı yoxdur. Hətta Tramp özü də bu barədə açıqlamalar verib. Sadəcə olaraq tərəflər – ABŞ, İran və İsrail – bir-birilərinə müəyyən zərbələr endirirlər və sonra da “baxın, dediyimiz oldu” tipli ritorikaya keçirlər. Bu qarşıdurma artıq bir qədər də gülməli, lətifəyə çevrilmiş hala gəlib. Çünki əvvəlcədən xəbərdarlıq olunur: “filan saatda zərbə endirəcəyik”. Bu, bir növ şouya çevrilib. Yaxın zamanda uzunmüddətli atəşkəs əldə olunacaq. İran özü də deyir ki, raket atmamışıq. Deməli, atəşkəs həm İrana, həm də İsrailə lazımdır. İsrail bir tərəfdən zərbə ilə hədələyir, digər tərəfdən də zərbə endirmir. Yəqin ki, bu qarşılıqlı razılaşma ilə başa çatacaq".
Həmçinin politoloq Trampın vasitəçiliyini də qeyd edib:
"Tramp araya girib bu prosesdə vasitəçilik edəcək və tərəfləri atəşkəsə razı salacaq. Artıq ABŞ İrana, İran da İsrailə zərbə endirib. İsrail də İranın hansısa generalını hədəfə alıb. Bununla da bu mərhələ başa çatacaq. Bu qarşıdurmanın bir qalibi var: İran rejimi. Diqqət edin, burada qalib İran dövləti və ya onun ordusu deyil, məhz rejimdir. Rejim bu qarşıdurmadan güclənmiş şəkildə çıxdı. ABŞ, İsrail, Tramp və Netanyahunun bu 12 günlük şouvari qarşıdurması nəticəsində İranın daxili siyasi rejimi daha da möhkəmləndi. Axşam saatlarında artıq rejim tərəfdarlarının bunu qələbə kimi qeyd edəcəyini, hətta atəşfəşanlıqla qeyd etməyə çalışacaqlarını proqnozlaşdırmaq olar. Niyə Qərb İranın dağılmasında maraqlı deyil? Çünki İran zəifləsə, bu, avtomatik olaraq Türkiyənin güclənməsinə yol açar. Bu isə Qərbin maraqlarına ziddir. Tarix boyu Qərbin əsas təhlükə kimi gördüyü qüvvə Osmanlı, daha geniş mənada isə Türkiyə olub. Netanyahunun çıxışına baxın – İrandan danışarkən deyir ki, “Osmanlı qayıtmayacaq”. Yəni İsrailin əsas təhlükə kimi gördüyü də Türkiyədir. Farslara isə “dostlarımız” deyirlər. Onların vaxtilə yəhudiləri xilas etdiyini xatırladırlar. Amma Osmanlının İspaniyadakı yəhudiləri necə xilas etdiyini heç xatırlatmırlar. Halbuki Osmanlı donanması Barselonanı bombalayaraq İspaniya üzərində təzyiq göstərmiş, yəhudilərin qaçmasına imkan yaradıb. Bu faktları unudurlar. Nəticə olaraq, bu qarşıdurma yarım-qarşıdurma, yarım-şou formasında qısa müddətdə atəşkəslə nəticələndi. Sosial media var və hər kəsin nə dediyi əvvəlcədən yadda qalır. Bugün kimin nə qədər haqlı olduğunu dəyərləndirmək daha asandır. Bəzi televiziya və media qurumları ya İsraili "super güc" kimi təqdim edir, ya da İrana “qalib” obrazı yaradır. Amma reallıqda nə İran, nə də İsrail bu qarşıdurmadan qələbə ilə çıxmadı. Sadəcə İranın siyasi rejimi bu vəziyyətdən daxildə daha da güclənmiş şəkildə çıxdı".
Qəmər Kazımzadə