Qətər hava məkanını bağlayıb – bölgədə narahatlıq artır

Bölmə: Siyasət › ,
Tarix: 20:46 24.06.2025

Yaxın Şərqdə artan hərbi və siyasi gərginlik fonunda Qətər hakimiyyətinin hava məkanını müvəqqəti bağlaması regionda təhlükəsizliklə bağlı ciddi narahatlıqların mövcud olduğunu göstərir.


Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Qətərin bu qərarı təsadüfi deyil və bölgədə qarşıdurmanın daha geniş miqyas alması ehtimalı ilə bağlıdır:


“Hava məkanının bağlanması ilk növbədə mülki təyyarələrin təhlükəsizliyinin təmin olunması üçündür. Bu, əvvəllər də olub – xüsusilə Yaxın Şərqdə münaqişələr genişlənəndə. Hazırda əsas döyüşlərin hava hücumları səviyyəsində getdiyini və bu hücumların bəzi hallarda Körfəz ölkələrinin hava məkanını da təhdid etdiyini nəzərə alsaq, Qətərin qərarı başa düşüləndir”.


Politoloqun fikrincə, İran və ABŞ arasında artan gərginlik fonunda Qətərin bu addımı atması həm də ehtiyat tədbiridir. İranın İsrail və ABŞ-ə qarşı cavab zərbələri ehtimalı fonunda bölgədəki bütün ölkələr, o cümlədən Körfəz dövlətləri öz hava məkanlarını qorumağa çalışır:


“İranın məqsədi Qətərlə birbaşa toqquşmaq deyil, amma ABŞ-ə cavab vermək üçün atılan addımlar dolayısı ilə Qətəri də risk zonasına salır. İran rejimi çıxışsız vəziyyətə düşdükcə daha radikal seçimlərə əl atması mümkündür. Bu seçimlər arasında Körfəz ölkələrini hədəfə almaq da ola bilər. Ona görə də bu gün hava məkanının bağlanması ehtiyat tədbirindən daha çox strateji siqnaldır”.


Asif Nərimanlı qeyd edir ki, körfəz ölkələri İranla münasibətlərdə maksimum balanslı siyasət aparmağa çalışır. Onlar nə Tehrana dəstək verirlər, nə də İsrailə tam yaxın görünmək istəyirlər:


“Körfəz ölkələri İranın rejim dəyişikliyində maraqlı ola bilər, lakin bu dəyişiklik müharibə yolu ilə baş verərsə, ilk zərbəni özləri alacaqlar. Çünki belə bir dağıntı həm iqtisadi, həm humanitar baxımdan region üçün fəlakət ola bilər. Bu səbəbdən ehtiyatlı və neytral mövqe tutmağa üstünlük verirlər”.


Politoloqun fikrincə, yaranmış vəziyyət təkcə hərbi baxımdan yox, həm də enerji və nəqliyyat təhlükəsizliyi baxımından ciddi təhdidlər yaradır:


“Yaxın Şərqdə gərginliyin artması regionun enerji marşrutlarını da risk altına salır. Hava məkanının bağlanması birbaşa iqtisadi proseslərə təsir edir. İnvestisiya mühiti pozulur, nəqliyyat layihələri ləngiyir. Qətərin qərarı bu mənzərənin bir hissəsidir”.


Ekspert bildirir ki, yaxın günlərdə bölgədə vəziyyətin nisbətən sabitləşəcəyi ilə bağlı bəzi məlumatlar olsa da, tərəflər hələ də bir-birini atəşkəsi pozmaqda ittiham edir. Bu isə o deməkdir ki, qarşılıqlı hücumlar ehtimalı hələ də qalır.


“Regionda vəziyyət hələ ki, diplomatik sabitlik müstəvisindən uzaqdır. Hərbi baxımdan qısamüddətli sakitlik olsa belə, strateji risklər qalmaqdadır. Bu risklər də məhz Qətər və digər Körfəz ölkələrinin ehtiyatlı davranışını izah edir”.


Solmaz Muradova