İsrail–İran Münasibətləri-Sülh mesajı

Tarix: 15:58 24.06.2025
İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu, sosial media hesabında İran xalqına ünvanladığı “sülh və dostluq” mesajı ilə diqqət çəkib. Açıqlamada o, İsrailin İran xalqının düşməni olmadığını, mübarizənin zalım rejimlə aparıldığını vurğulayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, bu cür ritorika yumşaq güc siyasətinin bir hissəsidir və əsas hədəf rejimlə xalqı psixoloji cəhətdən ayırmaqdır:
“Sara Netanyahunun bu mesajı rəsmi dövlət mövqeyi olmasa da, müəyyən strateji hədəflər daşıyır. Burada əsas məqsəd beynəlxalq ictimai rəyə yönəlmiş bir mesaj verməkdir. “Rejim və xalq” ayrıseçkiliyi uzun illərdir Qərb dövlətləri və İsrail tərəfindən tətbiq olunan bir ritorikadır. Bu, İran xalqını psixoloji baxımdan rejimə qarşı ayırmaq və daxili legitimliyi sarsıtmaq üçün istifadə olunur.
Ancaq bu cür mesajların İran daxilində real təsiri olduqca məhduddur. Çünki İranın ciddi senzura siyasəti, kəskin anti-İsrail ritorikası və informasiya blokadası bu tip yumşaq güc alətlərinin səmərəliliyini azaldır.
Yəni, bu müraciət daha çox beynəlxalq ictimaiyyət üçün simvolik məna daşıyır və Tehranda geniş ictimai rəy formalaşdırmaq gücünə malik deyil. Buna baxmayaraq, bu cür ritorika İran daxilində rejimə qarşı narazı olan qüvvələri təşviq etmə potensialı daşıyır. Lakin nəticə etibarilə konkret siyasi dəyişikliklərə səbəb olması real görünmür”.
Solmaz Muradova