İranın hücumu “simvolik” olsa da, radikal addımlar mümkündür

Tarix: 19:33 24.06.2025
İranın Qətərdəki ABŞ bazalarına zərbələri radikal addımlar mərhələsinə keçid təhlükəsini artırır.
“Röyters” və digər beynəlxalq media hücumdan əvvəl İranın Doha və Vaşinqtonu məlumatlandırdığını bildirir. Bu, rejimin əvvəllər də istifadə etdiyi “simvolik hücum” taktikasına bənzəyir. Lakin hazırkı müharibə şəraitində bu hücum təkcə daxili auditoriyaya və “müqavimət oxu”na mesaj deyil, daha ciddi məna daşıyır.Tehranın Vaşinqtonun hücumuna cavab zərbələri rejimin özünüqoruma instinktindən qaynaqlanır və regionda müharibənin genişlənməsi ehtimalını gücləndirir. İranın Hörmüz boğazını bağlamaq kimi radikal addımlara əl atması da istisna edilmir.
Mövzu ilə bağlı “Novoe vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın dünən Amerikanın Qətərdəki hərbi bazasına hücumu bir növ gözlənilən olub:
“Rejim buna əvvəlcədən söz verib. Bildiyiniz kimi, Yaxın Şərqdə Amerikanın qırxa qədər hərbi bazası var və onların içində ən böyük hərbi bazalardan biri də Qətərdə yerləşir.
Bu hücumdan əvvəl ABŞ-yə məlumat verilib. Əsgərlər oradan çıxarılmış, bunkerlərə yerləşdirilib. Yəni, Amerika tərəfinin əvvəlcədən xəbəri olub. Buna görə də bu hücum daha çox İranın daxili ictimaiyyətinə yönəlmiş bir addım olub– yəni, daxildəki gərginliyi azaltmaq məqsədi daşıyıb.
İran əvvəlcədən bildirib ki, əgər Amerika tərəfindən hücum olarsa, cavab veriləcək. Rejim də bu bəyanatına sadiq qalmaq üçün öncədən xəbərdarlıq etməklə bu hücumu həyata keçirib.
Bəli, belə hücumlar regiondakı vəziyyəti daha da gərginləşdirə bilərdi. Hətta region dövlətlərinin də bu münaqişəyə qoşulmaq ehtimalı olub. Dünən axşam Qətər, Oman və İraq bu hücumu pisləyən bəyanatlar veriblər. Amma hücum əvvəlcədən razılaşdırıldığından, bu, ciddi təhlükə yaratmayıb və vəziyyət nəzarət altında qalıb.
Nəticədə, bildiyiniz kimi, bu gecə Tramp açıqlama verib ki, hər iki tərəflə danışıb və atəşkəs elan olunub. Bu, kövrək bir atəşkəsdir. Nə qədər davam edəcək, bunu zaman göstərəcək. Hərçənd, müharibə səngisə də, İsrail-İran münasibətlərinin yaxın perspektivdə müsbət fazaya keçməsi çətindir. Nə qədər ki, Netanyahu İsrailin baş naziridir və nə qədər ki, İranda hazırkı rejim hakimiyyətdədir, münasibətlər gərgin olaraq qalacaq.
Hörmüz boğazının bağlanması məsələsinə gəldikdə isə, bu addım İran üçün də böyük zərbə olardı. Çünki İranın satdığı neftin böyük hissəsi həmin boğazdan keçir. Bundan əlavə, bu addım Çinin və İranın digər strateji tərəfdaşlarının maraqlarına da zərbə vurardı. Ona görə də Hörmüz boğazının bağlanması gözlənilən olmayıb. Bu qərar İran parlamentindən çox, dini liderin rəhbərlik etdiyi təhlükəsizlik şurasından asılıdır. Onlar isə belə bir qərar verməyiblər”.
Şakir Ağayev əlavə edib ki, əgər müharibə davam etsəydi, İran ABŞ-lə münaqişənin aktiv fazasına qoşulsaydı, o zaman Hörmüz boğazının bağlanması mümkündür:
“Çünki çıxış yolu qalmadıqda, tərəflər son çarə kimi bu cür radikal addımlar ata bilərlər. Amma indiki vəziyyət göstərir ki, İran bu addımı atmayacaq.
Hazırda hər iki tərəf özünü qalib elan edir. İran bildirir ki, məqsədinə çatıb. İsrail də eyni şeyi deyir. Amma əsl qalib ABŞ-dir. Çünki hər iki tərəfin müharibəsinə baxmayaraq, Amerika yenə də barışdırıcı rolunda çıxış edir. ABŞ, bir tərəfdən İsrailin əlindən İranı, digər tərəfdən İranın əlindən İsraili zəiflədib.
Lakin proseslər tam dayanmasa da, istisna deyil ki, yenidən gərginlik baş versin. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edə bilər. Müharibə davam etməsə də, “soyuq faza”da İsrail-İran qarşıdurması hələ də qalacaq”.
Mahmudlu Ləman