Rusiya Ukraynanın itkilərini yeniləyib-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:52 24.06.2025

Rusiya müharibənin 1217-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib,bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə bildirib ki, Rusiya bu itkiləri təqdim etməklə əsas məqsəd kimi öz hərbi gücünü nümayiş etdirməyə çalışır:

 

"Hazırda Rusiya bu itkiləri təqdim etməklə əsas məqsəd kimi öz hərbi gücünü nümayiş etdirməyə çalışır. Rusiya göstərmək istəyir ki, müdafiə sənayesi güclüdür və Ukraynaya ciddi zərbə vurub. Biz bu rəqəmləri əsasən media vasitəsilə öyrənirik. Təəssüf ki, əlavə, daha dəqiq məlumat almaq mümkün deyil. Çünki müharibənin gedişatı barədə əsl və dolğun informasiyalara yalnız dövlətlərin kəşfiyyat xidmətləri malikdir. Əgər doğrudan da Ukrayna bu qədər texnika itirib, bəs müqaviməti necə davam etdirir? Bu, əsasən onunla izah olunur ki, Ukrayna ordusu öz torpağını qoruyur. Bu, bir vətən savaşıdır və bu səbəbdən müqavimət davam edir. Bundan başqa, qeyd edilməlidir ki, yay aylarına qədər ABŞ hökumətinin verdiyi silah və sursatlar hələ istifadə edilə bilər. Ekspertlər bildirirlər ki, Ukraynanın aktiv hərəkət edə biləcəyi qədər silahı var. Eyni zamanda, Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodlar fəaliyyət göstərir. Bu da müqavimətin davam etməsinə şərait yaradır".

 

Bu müqavimət nə qədər davam edəcək?

 

"Bu, birbaşa Ukraynaya veriləcək silah və maliyyə yardımından asılıdır. Ukraynanın resursları tükənəndir. Burada Birləşmiş Ştatların rolu önə çıxır. Əgər ABŞ – xüsusilə də Tramp hökuməti – silah və maliyyə yardımlarını davam etdirərsə, müqavimət uzana bilər. Hazırda Ukrayna məhz mövcud silah-sursat sayəsində müqavimətini davam etdirir".

 

Qəmər Kazımzadə