Çin elan edib: -Rusiya müharibədə məğlub olsa...

Bölmə: Dünya › ,
Tarix: 13:33 04.07.2025

Çin xarici işlər naziri Van Yinin Avropa Birliyi ölkələrinə səfəri davam edir. Çinli diplomat səfərə AB-nin paytaxtı Brüsseldən başlayıb. O, Fransa və Almaniyada da görüşlər keçirəcək. Tərəflər arasında müzakirə olunacaq xeyli mövzu var. Pekin Brüssellə iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır. Halbuki Vaşinqton kimi Brüssel də Çin məhsullarının Avropa bazarlarında hökmranlığından narahatdır.


"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

 

O bildirib ki, Van Yinin Avropa ölkələri paytaxtlarında müzakirə etdiyi digər mövzu Rusiya-Ukrayna müharibəsidir:


“Avropa ölkələri müharibənin dayandırılması üçün Pekinin Kremlə təsir etməsini istəyir. Pekinin Kremlə təsir imkanları olsa da, Çin müharibəni dayandırmaq üçün diplomatik fəallıq nümayiş etdirmir, əksinə, Van Yi AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib ki, Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir. Çinli diplomat bunu belə izah edib ki, Rusiya müharibədə məğlub olacağı təqdirdə ABŞ-ın bütün diqqəti Çinə yönələcək. Belə çıxır ki, Vainqtonun diqqəti nə qədər Rusiya-Ukrayna müharibəsi üzərində köklənsə, bu, bir o qədər Çinin maraqlarına xidmət edəcək. Buna baxmayaraq, Van Yi Çinin Rusiyanı maddi-texniki baxımdan dəstəkləmədiyini vurğulayıb. Onun sözlərinə görə, əgər Çin Rusiyaya hərbi sahədə dəstək versəydi, Rusiya çoxdan müharibədə qalib gələrdi".