Uld Xaled “Sabah”da

Tarix: 17:47 04.07.2025
“Sabah” Futbol Klubu heyətini yeni legionerlərlə gücləndirməyə davam edir. Klubun son transferi fransalı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaled olub. Fransanın “Anje” klubunun yetirməsi olan 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Bu transfer həm “Sabah”ın yeni mövsüm üçün ambisiyalarını, həm də Azərbaycan Premyer Liqasında artan rəqabəti göstərməsi baxımından diqqət çəkir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman jurnalisti Fəridə Abdulla bildirib:
Ondan başlamaq istərdim ki, “Sabah” klubu yeni mövsümə yeni baş məşqçi ilə hazırlaşır. Litvalı mütəxəssis Valdas Dambrauskasın “Sabah” klubundakı işi maraqla gözlənilir. Dambrauskas məşqçilik karyerası ərzində çalışdığı ölkələrdə komandaları ilə titullar qazanan mütəxəssisdir. Ölkəsində sükanı arxasında olduğu “Jalqiris” klubuna çempionluq, ölkə kuboku və superkubokunu qazandırıb. Latviyada RFS klubu ilə ölkə kuboku, Bolqarıstanın ən titullu 3 klubundan biri olan, son illərin əvəzolunmaz çempionu “Ludoqorets”ə növbəti titulunu qazandırıb. Xorvatiyada “Hayduk” klubu ilə ölkə kubokuna sahib çıxıb. Bir sözlə, yeni mövsümdə “Sabah” klubunun ambisiyası və hədəfləri Dambrauskasın rəhbərliyi altında heyətə cəlb olunan yeni legionerlərin də timsalında görə biləcəyik. Komanda artıq bir neçə legioner transfer edib ki onlardan biri də Zinəddin Uld Xaleddir. Yeni legionerlərin ilk ciddi sınağı Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubuna qarşı oyunlarda olacaq. Futbolçuların tez bir zamanda uyğunlaşması komanda üçün faydalı olacaq.
Əlbəttə ki, nəzərə alsaq ki, yeni mövsümdən Azərbaycan premyer liqasında legioner limiti ləğv olunub, istər Avrokuboklara vəsiqə verən yerlər uğrunda iddiası olan istərsə də çempionluq uğrunda ambisiyalı klubların heyətini səviyyəli legionerlərlə gücləndirməsi anlaşılandır. Ölkə kubokunun finalında “Qarabağ”ı dramatik və gərgin oyunda məğlub etməklə bir növ yeni mövsüm üçün də iddialı mesaj yollayan “Sabah” klubu da “Qarabağ”a rəqib ola biləcək premyer liqa klublarından biridir. İndidən Fransada yetişən Zineddin Uld Xalidin nə qədər faydalı olacağını demək çətin olsa da, müdafiə və yarımmüdafiədə xəttlər arasında güclənmə komanda üçün lazım idi. Stiv Solvet, Akim Zedadkanın da Uld Xalidlə birgə komandaya töhfə verəcəyini düşünürəm.
Premyer Liqanın digər iddialı komandaları da transfer çalışmalarını davam etdirir. Mənim qənaətim odur ki, yeni mövsümdə premyer liqada mübarizə ötən mövsümlə müqayisədə daha gərgin alınacaq”.
Solmaz Muradova