Rusiyanın Ukraynada məğlub olmasına yol verə bilmərik-Çin

Tarix: 18:18 04.07.2025
Çinin “South China Morning Post” nəşri mənbələrə istinadən yazır ki, bu mövqeyin səbəbi Çinin ABŞ-nin Rusiyadan sonra bütün diqqətini Pekinə yönəldəcəyindən ehtiyat etməsi ilə bağlıdır.
Mövzu ilə bağlı “İnformator.az”a AĞ Partiya başqanının sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirir ki, Çin dünya ağalığı uğrunda bütün sahələr üzrə rəqabətdədir:
“Ən güclü rəqibi isə heç şübhəsiz ki, Amerika Birləşmiş Ştatlardır. Hədəfinə çatmaq üçün dünyanın ikinci supergücü sayılan Rusiya ilə birlikdə olması Pekin üçün çox vacibdir. Həmçinin Rusiya üçün də. Onsuz da bu versiya real görünür. Əlbəttə, Çin sıradan çıxarılandan sonra bütün diqqətlər tam olaraq Rusiyaya yönələcək. Onun üçün də Rusiya-Çin əlaqələrinin yaxın olması hər iki tərəf üçün uyğundur. Daha çox da Pekin üçün. Məhz bu baxımdan bir sıra məsələlər var ki, Çin şimal qonşumuzun yanındadır. Bu da haradasa başadüşüləndir. Çünki, Rusiya məğlub edilsə, gözlər Çinin üzərində olacaq. O zaman Pekin həm də təklənəcək. Burada ən çox siyasi sahədə Çin təklənə bilər. Çünki, zatən daxili iqtisadiyyatı çox güclüdür. Rusiya ona daha çox siyasi yöndə dəstək nümayiş etdirir. Həm də bir məsələni unutmayaq ki, bu iki güc BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ikisidirlər. Orada bir-birinə verəcəkləri dəstək çox önəmlidir və zatən bu dəstəyi də dəfələrlə sübut ediblər”.
Həmçinin politoloq qeyd edib ki, ABŞ və müttəfiqlərinin Çinə qarşı hansısa bir qabaqlayıcı tədbir almaları indiki vaxtda real görünmür:
“Çünki, Amerika müttəfiqlərindən bir çoxları var ki, Çinlə yaxın iqtisadi-ticari əlaqələrə malikdirlər. Həm də bir əsaslar da yoxdur. Çin bəlkə Ukrayna savaşında hərbi qüvvələrlə Rusiyaya dəstək verib? Belə bir fakt yoxdursa, məsələ bitmiş sayılır. Digər əlaqələr bütün ölkələr arasında var. Bir də son Tramp-Putin arasındakı telefon danışığını nəzərə alsaq, nə Çinin, nə də Rusiyaya yaxın olan digər dövlətlərin bundan sonra yaxın perspektivdə vurulacağı real deyil. Rusiya-Ukrayna savaşına Çinlə bağlı məsələnin necə təsir edəcəyinə gəlincə, heç bir təsiri olmayacaq. Çünki, Çin heç də bu məsələdə tərəflərdən birinin yanında açıq şəkildə durmayıb. Düzdür, hər kəs Çin-Rusiya arasındakı yaxın iqtisadi-ticari əlaqələrdən xəbərdar olmamış deyil. Amma bu heç də Pekinin vurulması üçün əsas deyil. Xüsusilə, Tramp kimi rəhbər Çini vurmağı hazırda göz altına almağa risk etməz. Ukrayna məsələsində onun davranışlarından çıxış etsək, demək Ağ Ev sahibi bu savaşdan miqyasına görə daha böyük gözlənilən savaşa heç zaman girməz. Onun üçün də Rusiya-Ukrayna məsələsinin Çin-Amerika məsələsinə heç bir aidiyyatı yoxdur”.
Aysel Mirzəyeva