Netanyahu atəşkəslə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona gəlib

Tarix: 13:20 07.07.2025
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının əldə olunması üçün diplomatik səylərini davam etdirir. İsrail ABŞ-nin təklifini əvvəlcədən qəbul edib, HƏMAS isə vasitəçilərə “müsbət cavab” təqdim edib. İsrail Baş nazirinin təyyarəsi bazar ertəsi səhər Vaşinqton yaxınlığındakı Endryus bazasında yerə enib.
Axşam saatlarında Benyamin Netanyahu ABŞ Prezidenti ilə görüşəcək. Bundan əvvəl isə o, dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Uitkoffla görüşəcək. Təyyarənin trapında İsrailin ABŞ-dakı səfiri və Nyu-Yorkdakı baş konsulu onu qarşılayıblar.
Tel-Əvivdəki Ben Qurion hava limanından yola düşərkən Netanyahu ABŞ Prezidentinə “İsrailə göstərdiyi qəti dəstəyə görə” təşəkkür edib. Onun sözlərinə görə, bu dəstək “İrana qarşı böyük bir qələbə gətirib – bizim ortaq düşmənimizə qarşı”.
Baş nazir İsrail və HƏMAS arasında bazar günü axşam Qətərdə başlayan növbəti dolayı danışıqlar raundunu da şərh edib. Netanyahu bildirib ki, HƏMAS-ın əlində qalan girovlardan “20-si sağ, 30-u isə ölüdür”. O əlavə edib ki, “onların hamısını geri qaytarmaqda qərarlıdır”.
Euronews
Fatimə Heydərova