Roman Starovoyt ölü tapılıb

Bölmə: Dünya › ,
Tarix: 19:39 07.07.2025

Keçmiş Rusiya Nəqliyyat Naziri Roman Starovoyt vəzifədən çıxarıldıqdan bir neçə saat sonra ölü tapılıb.

 

Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, keçmiş nəqliyyat naziri Roman Starovoytun cəsədi paytaxt Moskva vilayətinin Odintsovo rayonunda şəxsi avtomobilində tapılıb. Məlumata əsasən, Starovoytun cəsədində güllə yarası aşkarlanıb. Komitə bildirib ki, hadisə yerində istintaq işləri aparılır və ilkin versiya kimi intihar ehtimalı araşdırılır.

 

Roman Starovoyt 2019–2024-cü illərdə Kursk vilayətinin qubernatoru vəzifəsində çalışıb. Daha sonra isə Rusiya Federasiyasının Nəqliyyat Naziri təyin olunub. Onun karyerası əsasən infrastruktur və dövlət idarəçiliyi sahəsində müxtəlif vəzifələrlə yadda qalıb.

 

Starovoytun vəzifədən azad edilməsinin ardından Prezident onun yerinə Nəqliyyat nazirinin müavini Andrey Nikitini təyin edib. Nikitin fevral ayında Rusiya Federasiyasının şimal-qərbində yerləşən Novqorod vilayətinin qubernatorluğundan istefa verərək nazir müavini vəzifəsinə gətirilib. O, indi icraedici nəqliyyat naziri kimi fəaliyyət göstərəcək.

 

ANEWZ

Gülhüseynova Güllər