Makron Böyük Britaniyada daha bir qalmaqalla üzləşib

Bölmə: Siyasət › ,
Tarix: 15:47 10.07.2025

Aparıcı Beşinci Respublika rəhbərini ingilis dilində danışmaq istəməməkdə ittiham etdikdən sonra "GB News" telekanalı Fransa prezidenti Emmanuel Makronun Böyük Britaniyada kral ziyafətindəki çıxışının yayımını dayandırıb.

 

Mövzu ilə bağlı politoloq Tural İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, Makronun dil seçimi sadəcə şəxsi zövq və ya dil biliyindən doğmur:

 

"Bu Fransanın uzun illərdən bəri yürütdüyü "mədəni üstünlük" və "dil hegemoniyası" siyasətinin davamıdır. Fransa öz dilini Avropa və dünyada dominant görmək istəyir – bu, hələ Napoleondan, hətta Kardinal Riçelyedən qalan ideoloji mirasdır. Lakin qlobal kommunikasiyada artıq ingilis dili universallaşıb və diplomatiyada bir növ "operativ dil" funksiyasını daşıyır. Makronun inadkarlığı burada sadəcə prinsipial mövqe deyil – bu, bir qədər anaxronik, özündən razı və reallıqdan uzaq davranış kimi də oxuna bilər.
Fransanın bu "mədəni təkəbbürü" onu getdikcə daha çox qlobal siyasi təcridə aparır. Bu təkəbbür, xüsusilə ingilisdilli ölkələrdə (xüsusən də post-Brexit dövründəki Britaniyada) Fransaya qarşı antipatiya dalğası doğura bilər. “GB News”un reaksiyası – çıxışın yarımçıq kəsilməsi – bu antipatiyanın mediada necə formada təzahür etdiyini göstərir. Bəzi siyasi dairələr bunu Fransa üçün arrogantlıq və əlaqə qurmaqda acizlik kimi yozur.
Üstəlik, Makronun bu davranışı Fransa daxilində də suallar doğurur: niyə bir lider beynəlxalq səhnədə öz ölkəsinin siyasi maraqlarını daha effektiv çatdırmaq əvəzinə simvolik jestlərə üstünlük verir? Belə görünür ki, Makron realpolitik deyil, simvolizmlə yaşayan prezident modelini təmsil edir – bu da Fransa üçün geosiyasi meydanlarda əlavə çətinliklər yaradır".


Fatimə Heydərova