Süni narazılıq və dezinformasiya çətiri altında sığınanların hədəfi nədir?

Tarix: 18:38 05.03.2021
Ölkədə siyasi iradənin güclənməsi oliqarx məmurların kürkünə birə darışdırmaqdadır.
Dövlətin hökmü kəskinləşdikcə sıra hakimiyyətin daha yuxarı eşalonlarındakı məmurlara gəlib çatır. Sosial şəbəkələrdə, saytlarda məmur sərvətlərinin gün-gündən daha sərt və açıq şəkildə ifşa olunması təxminən odun üstünə benzin əlavəsi effekti verir. Oliqarx məmurlar isə ölkədə süni narazılıqlar və Qarabağa dair ümidsizlik ab-havası yaratmaqla diqqəti qeyri-qanuni yolla əldə etdikləri sərvətlərdən yayındırmağa, mövcud təhlükədən qorunmağa çalışırlar.
Sosial şəbəkələrdə və az-çox dili açıq olan saytlarda Azərbaycanda indiki və keçmiş məmurların, oliqarxların sərvətlərinin-villaların, xaricdəki mülklərin, şirkətlərin siyahısı, görüntüləri sərgilənir, barələrində məlumatlar yayılır. Сəmiyyətə də gün kimi aydırdır ki, adətən bu cür materiallar vəzifədən ya kənarlaşdırılmış, ya da kənarlaşdırılma ehtimalı böyük olan adamlara aid olur. Ancaq ədalət naminə deyək ki, hazırda qılıncının dalı da, qabağı da kəsən məmurlar, oliqarxlar haqda da belə materiallar az gözə dəymir. Düzdür, cəmiyyət üçün artıq bu cür məlumatlar, görüntülər o qədər də təəccüblü deyil. Çünki əksər oliqarxların, məmurların harınladığını, özlərini xalqın xidmətçisi deyi, xalqı özlərinə xidmətçi hesab etdiklərini ölkədə hamı bilir. İş o yerə gəlib ki, ölkənin prezidenti də şəxsən belə məmurlar haqda dəfələrlə açıqlama verib və özlərini yığışdırmasalar, barələrində ciddi ölçü götürüləcəyini də bəyan edib. Amma cəmiyyətin ayrı – ayrı zümrələri ilə baş verən xoşagəlməz hadisələrə, müşahidə olunan narazılıqlara baxanda, özbaşınaların deyilənlərdən hələ də nəticə çıxartmadıqları, necə var, elə də davam etdikləri anlaşılır. Bu gün Azərbaycanda süni şəkildə dövlətdən narazı salınanların arasında cəmiyyətin xüsusi önəm verdiyi kəsimlərin – şəhid ailələrinin, qazilərin və hərbiçilərin də olduğunu nəzərə alanda, bəzi məmurların hansı həddə qədər özbaşınalaşdığını anlamaq çətin deyil. Bu yaxınlarda şəhid məzarları ilə bağlı yaranmış cansıxıcı vəziyyət, indinin özündə belə optimal maaş problemi yaşayan hərbçilər məsələsi də onu göstərir ki, bu kimi süni əngəllərin arxasında dayananlar sıradan bir məmur, yaxud aşağı ranqlı çinovnik yox, yetərincə söz, hökm sahibləridir. Yəni həmin o harınlamış, oliqarxlaşmış məmurlar. Bəs niyə belə edirlər onlar? Axı daha da varlanmaq üçün hər cür şəraitləri və sərvətlərini qorumaq üçün yaxşı vəzifələri olan adamları buna vadar edən nədir? Olmazmı başlarını aşağı salıb, sakitcə qeyri-qanuni bizneslərini sürdürsünlər, sərvətlərini artırmaqda davam etsinlər? Belə görünür ki, olmaz. Çünki onlar artıq dayanmadan ifşa edilirlər. Bu gün biri, sabah digəri tərəfindən sərvətlərinin görüntüləri sosial şəbəkələrdə yayımlanır.
Gəl ki, onlar bütün bunları sakit izləyə bilməzlər. Müdafiə üçün nələrsə etməlidilər. İfşaçı blogerlərə tam da əlləri çatmır. Çünki çoxu Avropada yaşayır. Azərbaycandakı saytların da hamısını satın almaq, ya da qorxutmaq olmur, çünki onlara işləyənlər olduğu kimi, onların rəqiblərinə işləyənlər və qismən müstəqil, dili açıq olan qəzetlər, saytlar da var. Deməli qalır bircə diqqəti özündən yayındırmaq taktikası. Sənə aid olan “xoşagəlməz” məlumata qarşı yayındırıcı məlumat, açıqlamaya qarşı yayındırıcı açıqlama tətbiq etmək. Burada ortaya daha bir sual çıxır. Kimin diqqətini yayındırmaq, cəmiyyətin? Yox sözsüz ki. Çünki onlar cəmiyyətdən çəkinən olsaydılar, bütün bu oyunlardan çıxmazdılar. Demək ki, söhbət daha çox birinci şəxsin diqqətini yayındırmaqdqan gedir. Belələri çox yaxşı bilirlər ki, onları zərərsizləşdirmək hakimiyyətin ikinci-üçüncü eşalonuna mənsub kəslərin ( hətta istəsələr də ) imkanı xaricindədir. Yalnız birinci şəxs bunuu edə bilər. Və birinci şəx də bunu edəcəyini dəfələrlə deyib. Hamıya məlumdur ki, prezidentin başı hələ ki, daha çox Qarabağ, Ermənistanla Azərbaycan arasında yaşanan, gözlə görünən və görünməyən məsələlərə, beynəlxalq təşkilatlara, xarici jurnalistlərə qarışıqdır. Elə o işlərdən tam ayrılıb bu harınlamışlarla birdəfəlik məşğul olmaması üçün də kimlərsə həmin o yayındırıcı taktikaya əl atırlar və qarabağ mövzusunu da gen-bol istifadə etməyə çalışırlar. Sosial şəbəkələr, saytlar oloqarx məmurların qeyri-qanuni yolla sahibləndiyi sərvətləri ifşa etdikcə, onlar da diqqəti öz əməllərindən yayındırmaq üçün münasib saydıqları addımlar atırlar. Gah tez-tez şəhid ailələri, qazi və başqalarının hüquqlarını pozan “tədbirlərə” rəvac verirlər, süni əngəllər yaratmaqla cəmiyyəti çaşdrıb, məyus edib insanların həmrəyliyinə xələl gətirməyə çalışırlar, gah da öz trollarına Qarabağdan, Xankəndindən, Rusiyadan Azərbaycana dair arzuolunmaz materiallar, görüntülər, məlumatlar tapdırıb (tapmayanda özlərindən uydurdub) yaydırırlar, “politoloqları” vasitəsilə Qarabağdakı qələbəni kölgələyən şərhlər, təhlillər sərgilətməklə ölkə əhalisində ruh düşkünlüyü, narazılıq yaratmağa çalışırlar ki, gündəmi onların sərvətlərinə dair yox, uğursuzluğa, ümidsizliyə dair materiallar, məlumatlar zəbt etsin. Bu yolla onlar cəmiyyətin də, mətbuatın da, prezidentin də diqqətini problemlərə, xalqın əhvalına yönəldib özlərini gizlətdiklərini düşünürlər.
Bu cür düşünməkdə nə dərəcədə haqlıdılar, ya yox, bu artıq başqa məsələdir. Amma fakt odur ki, bu məmurlar, kölgələnmək üçün yaratdıqları belə xəyali çətirlərin altında həm dövlətə, həm də cəmiyyətə qarşı oyunlar qurmaqdan usanmırlar. Və onların oyunlarından cəmiyyət də, dövlət də gerçəkdn əziyyət çəkir. Prezident də bəzən daha vacib işlərindən ayrılıb deyək ki, şəhid məzarlarının hansısa palçıqlıqdan, gölməçədən xiyabana köçürülməsi ilə məşğul olmaq məcburiyyətində qalır. Deyirlər “ayının min oyunu var, hamısı da bir armudun başındadır”. Gördüyümüz kimi oliqarxların da gündəlik həyatımızda müşahidə etdiyimiz oyunlarının hamısı sərvətlərini qorumağın başındadır. Amma onlar bir şeyi unudurlar. Meşədə ayının üzdüyü armuda sorğu-sula yoxdu. Armud da, almada, digər meyvələr də, arılan balı da meşədə həm də ayı üçündür. Amma dövlət meşə deyil. Və dövlətin malı da, pulu da, sərvəti də oliqarxlar üçün deyil, xalq üçün olmalıdır. Normal dövlətlərdə bu sərvəti mənimsəmək üçün nəinki min oyundan, bir oyundan çıxmaq belə bəs edir ki, məmur ən yaxşı halda vəzifədən atılsın, ən pis halda həbsə atılsın. Birinci oyunda bu ediləndə, beşinci-onuncu oyunda prezidentin işini-gücünü buraxıb həmin məmurun törətdiyi əməlin fəsadını aradan qaldırılmasına ehtiyac qalmır. Azərbaycanda “armud həvəskarı” olan oliqarx məmurların həbsə atılnı, vəzifədən getdikdən illər sonra istintaqa çağırılanları az deyil. O hesabla bu gün öz qeyri-qanuni əməllərini gizlətmək üçün süni əngəllər yaratmaqla, dezinformasiya yaymaqla xalqın heysiyyatı və dövlətin təhlükəsizliyi ilə oynayan və hələ də həbs olunmayan məmurların da zamanı gələcək. Bu gün olmasa da, sabah mütləq həbs olunacaqlar. Amma bu iş nə qədər tez olsa, ondan dövlət də, xalq da, elə hazırda regionda sülhün təmin edilməsinə başı qarışmış prezident də az zərərlə çıxar. Əks halda bu harınlamışların daha nələr edəcəyini proqnozlaşdırmaq çətindir.
İsmayılov Qalib