Azərbaycanda gender bərabərliyi

Bölmə: Araşdırma › ,
Tarix: 15:17 13.12.2022

“Yer üzündə insanlar,
Tapınırkən sevgiyə;
Nə sevincək oldunsa,
Nəsibin oldu bir ah!
Hər dəfə sevdiyində
“Qadına haqq yox” dedi;
Müctəhidlə, padişah”.


Bu sətirlər istiqlal şairimiz Əhməd Cavada aiddir.

Günümüzün ən aktual problemlərindən biri də gender bərabərliyidir.

Bəs gender bərabərliyi nədir?

İnsan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır. Tərifini öyrəndik, bəs bu mövzunun problem səviyyəsinə qalxma səbəbi nədir? Gender bərabərliyi nə üçün lazımdır?
Gəlin gender bərabərliyinin suallarına bir-bir cavab tapaq.
İlk növbədə “Azərbaycanda gender bərabərliyi” mövzusuna toxunaq. Bildiyimiz kimi, Azərbaycanda yaşayan əhalinin 80 faizi türkdür, yəni Azərbaycan türkləridir. Tarixə nəzər yetirsək, görərik ki, hər xalqın qadına münasibəti fərqli olub. Məsələn cahiliyyət dövründə ərəblər qadınları qul kimi, əşya kimi gördükləri halda, türklər qadını Tanrıya bərabər tuturdular. Hətta ana haqqı tanrı haqqı atalar sözü də türklərin öz qadınlarına verdiyi dəyərin bariz sübutudur. Təbii ki də ərəblərdə də bu hal 610-cu ildə İslam dinin yaranmasına qədər davam edir. Artıq müsəlman olmuş ərəblər qız uşaqlarını diri-diri basdırmırdılar. İslam dinindəki qadın-kişi bərabərliyi də mübahisəlidir, amma mövzumuz islam dini olmadığına görə bu mövzunun üstündə durmayaq. İslamaqədərki türk dovlətlərində türk xaqanı ilə həyat yoldaşı bütün məclislərdə bir otururdular. Hətta xaqanla xatun dövləti bir yerdə idarə edirdilər. Yenə islamaqədərki türklərdə təkarvadlılıq mövcud idi. Çox nadir hallarda xaqan iki və daha çox arvad alırdı. Yenə də əsas haqq və hüquq türk qadınında idi. Bəs türk-Azərbaycan qadının bu qədər hüquqsuz vəziyyətə düşməsinin günahkarı kimdir?
Şübhəsiz ki, günahı dində görmək düzgün deyil. Günah savadsız din xadimlərindədir. Böyük dramaturqumuz Mirzə Fətəli Axundzadə yaramaz mollalar haqqında belə deyirdi: “Mənim xalqımı rəzil edən o bayquşları (mollaları) tabutum üstündə ulaşmağa qoymayın!”.
Gördüyünüz kimi, dırnaqarası din adamları ədibi nə qədər hövsələdən çıxarıb ki, bu sözü deyib. 19-cu əsrdə Azərbaycanda qadınların heç bir haqqı, hüququ yox idi. Hətta öz hüquqlarını belə müdafiə edə bilmirdilər. Hacı Zeynalabdinin açdığı qız məktəbinə qədər qızların barmaqla sayıla biləcək qədər təhsil alırdı. Qadın haqları uğrunda isə Azərbaycan ziyalıları: Mirzə Cəlil, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı kimi bir çox ziyalılar qadın haqlarını müdafiə edirdilər. Bu bərabərsizlik Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədər davam edib. 1919-cu ildə Azərbaycan parlamenti qadınlara kişilərlə bərabər hüquqlar verdi, yəni qadınlar da kişilər kimi seçkilərdə iştirak edə bilər, namizədlik irəli sürə bilərdi. Bu qərar İslam və türk dünyasında bir ilk idi.
Belə ki, 1931-ci ildə İspaniya və Portuqaliyada, 1946-cı ildə Fransada, 1970-ci ildə İsveçrədə qadınlara seçki hüququ verilmişdi. Qardaş Türkiyədə isə bu hüquq 1934-cü ildə verilmişdir.
Müasir Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında gender bərabərliyi öz əksini tam əhatəli tapmışdır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanunlarının 5 və 6-cı maddələri bunlardır.
Maddə 5 . Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri

5.0. Gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
5.0.1. gender bərabərliyinin təmin edilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı;
5.0.2. normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi;
5.0.3. gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
5.0.4. gender bərabərliyi mədəniyyətinin təbliği.

Maddə 6 . Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.

Həmçinin konstitusiyasının 25-ci maddəsinin(Bərabərlik) 2-ci bəndində belə deyilir: II. “Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır”.

Gender bərabərliyi uğrunda hərəkat ötən əsrin ikinci yarısından etibarən bütün dünyanı əhatə etməyə başlayıb. Problemin miqyası və aktuallığı hətta dünyanın siyasi atmosferini müəyyənləşdirən Birləşmiş Millətlər Təşkilatı (BMT), ATƏT, Avropa Şurası kimi mühüm təşkilatları da bu istiqamətdə səyləri gücləndirməyə sövq edib. BMT 1952-ci ildə "Qadınların siyasi hüquqları haqqında", 1962-ci ildə "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında", 1979-cu ildə isə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyaları qəbul edib. Bu sənədlərdə siyasi və dövlət əhəmiyyətli qərarların qəbulu prosesində qadınların kişilərlə balanslaşdırılmış iştirakının təmini sahəsində hökumətlərin məsuliyyəti və rolu əksini tapıb.

BMT Baş Assambleyası 1975-ci ildən 1985-ci ilə qədər olan dövrü "Qadın hüquqlarının onilliyi" elan edib. 1975-ci ildən sözügedən təşkilatın təşəbbüsü ilə Mexiko, Kopenhagen, Nayrobi və Pekində qadınların statusuna həsr olunmuş dörd qlobal konfrans təşkil edilib. Bu konfranslar beynəlxalq ictimaiyyətin diqqətini cinslər arasında qeyri-bərabərlik probleminə yönəldib.

Bir neçə gün əvvəl Bakıda təşkil olunmuş Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı da müasir dünyada qadın hüquqlarının müdafiəsi sahəsində mövcud durumun müzakirəsi və təhlili, adekvat qərarların qəbulu baxımından mühüm əhəmiyyətə malikdir. Avropa Şurasına üzv dövlətlərin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbərlərinin, xaricdən, o cümlədən ABŞ-dan, Vatikandan, Kanadadan, Yaponiyadan və Meksikadan dəvət olunmuş qonaqların, dövlət orqanlarının, Bakıdakı diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdikləri tədbirə Bakının ev sahibliyi etməsi təsadüfi görünmür. Azərbaycanda cəmiyyətin bütün həssas zümrələri kimi qadınların da hüquqlarının etibarlı müdafiəsinə çevrilən, onların cəmiyyətdə layiqli yerinin təmin olunmasına çalışan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva bu gün eyni zamanda dünyada gender bərabərliyi uğrunda hərəkatın ön cərgəsində addımlayır. Son illər məhz Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilən beynəlxalq miqyaslı bir sıra tədbirlərdə gender bərabərliyinin təmini, qadın hüquqlarının qorunması, qadınlar arasında savadsızlığın aradan qaldırılması kimi məsələlər prioritet müzakirə mövzusu olmuşdur.

Sonda isə sözümü iki böyük dövlət xadiminin sözü ilə yekunlaşdırıram.

Rəsulzadə türk qadını haqqında belə yazırdı:

“Sənə məğrurluq yaraşır, qürur sənin haqqındır, xanım qadın! Məmləkətimiz sənin kimi qadınların çiynində yüksələcək!

Atatürk isə qadınları belə tərənnüm edirdi:

“Ey qəhrəman türk qadını! Sən yerdə sürünməyə deyil, çiyinlərdə göyə qalxmağa layiqsən".

 

Hüseyn İlyasov, BDU-nun Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi