TÜRK DÜNYASININ VAHİDLİYİ...- HÜSEYN CAVİDİN ƏSƏRİNDƏ

Tarix: 10:02 29.08.2023
Bir ifadə var, "Ya tarix yazacağıq, ya da tarix olacağıq". Topal Teymur da tarixdə iz qoyan şəxslərdən biridir. İnformator.az saytının bu dəfəki qonağı teatrşünas Aygün Süleymanova tamaşadan, onun kompozisiyasından, obrazlardan və Topal Teymurdan danışıb:
"Topal Teymur dahi Hüseyn Cavidin ən çox tənqid olunan əsəridir. Pyes 1926-cı ildə çapdan çıxıb, həmin ildə tamaşaya qoyulub, lakin səhnədə çox qısa ömür yaşayıb. Teatr H.Cavidin nəsrlə yazdığı Topal Teymur dramının ilk tamaşasının səhnə quruluşunu A.A.Tuqanov verib. Tamaşa haqqında yazılanlara əsaslansaq, tamaşada Teymurləngin dövrü hətta müharibələri canlandırılmış, dövrün ənənəsinə uyğun monumental tamaşa hazırlanıb. Teymuru səhnədə Azərbaycan teatrının görkəmli aktyoru Sidqi Ruhulla canlandırıb. Aktyor daxilən sakit, təmkinli, qüdrətli insan, xarici görkəminə gəlincə, müdrik hökmdar və qüdrətli sərkərdə idi. Sidqi Ruhulla Topal Teymuru deyə bilmərik ki, qüsursuz ifa edib. Beləki mühüm bir tarixi fakt var. Tamaşada Sidqi Ruhulla barmaqlarına parlaq qaşlı üzük taxır. Rza Təhmasib xatirələrində qeyd edirdi ki, Hüseyn Cavid səhnə arxasına keçərək, "Sidqi, Topal Teymurun zərgər dükanı yox idi" deyə zarafat edib. Bundan sonra aktyor bu effektdən istifadə etməyib. Teatr tənqidinin faktlarına əsaslansaq, bu tamaşada Topal Teymur, yəni fateh, amansız hökmdar obrazı yoxdur.
Əsərin ikinci səhnə taleyi Lənkəran Dövlət Dram Teatrı ilə bağlıdır. Teatrın yaradıcı heyəti 1982-ci ildə böyük dahi Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə Topal Teymur əsərinə müraciət edib. Məhz 56 il sonra Topal Teymur Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru, əməkdar incəsət xadimi Baba Rzayev əsərin səhnə həllində müəllif obrazından istifadə edib. Şairin şerlərindən seçilmiş parçalar rejissor fikrinə görə əsərin müasir səslənməsini təmin etməli idi. Pərdə açılanda müəllif arxa planda yüksəkdə görünür. Boş səhnə arxasından sanki tamaşaçılar ilə söhbət edir. Və... səhnə azacıq işıqlanır, tamaşaçılar müharibə meydanında həlak olanları və meyidlərin yanında durmuş körpə uşaqları, qadınları görürlər. Teymur səhnənin altından dəhşətli musiqi fonunda çıxır, meyidlərin üstündən keçib səhnənin dərinliyinə gedir. Arxası tamaşaçıya dayanıb taxtı ikiəlli tutur. İşıq yalnız şeir söyləyən müəllifi və Teymuru göstərir. Hər tərəf qaranlıqdır. Səhnə işıqlanır və tamaşaçılar silahlanmış əsgərlərin döyüşə hazır olduqlarını görürlər. Teymurun işarəsi ilə döyüş məşqi başlanır. Olqanın Orxanı döyüşçülər arasında axtarması ilə ekspozisiyadan ilk hadisəyə keçid əks olunur. Tamaşada Hüseyn Cavid obrazı Xalq artisti Qabil Quliyevin ifasında canlanır.
Hüseyn Cavidin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlərin bir hissəsi kimi 1983-cü il 21 iyun tarixində Topal Teymur televiziya tamaşası efirə çıxır. Rejissor Ramiz Həsənoğlu o ərəfədə yazırdı: “Hüseyn Cavidin dram əsərlərini yenidən oxudum. Təbii ki, Cavid dramaturgiyasının əsas hissəsi nəzmlə idi. Ona görə o vaxt bu əsərlərə o qədər də yaxın düşə bilmədim. Amma nəsrlə yazılan Topal Teymur diqqətimi cəlb etdi. Bu, realistik-dramaturji məqamların üzərində qurulan əsər idi və dialoqları da anlaşılırdı. Teletamaşa qırmızı rəngə boyanmış ekran ilə izləyiciyə müharibə, ölüm qorxusunu mesajlayır. Ekranda düzənliklər, bəzəkli çadırlar, ocaqlar qurulur. Quruluşçu rəssam Rəfael Əsədovdur. Nəticədə qəddar, amansız döyüş meydanı təəssüratı yaradılır. Xorun təkrar-təkrar ifa etdiyi beyt isə orijinal səslənir. Bu bəstə Cavanşir Quliyevindir. Ümumiyyətlə, hər bir rejissorun uğuru iki amildən ibarətdir: əsər seçmək və aktyor tapmaq. Mən gözümün qabağından kimləri keçirmədim? Mehdi Məmmədov ürəyimdən keçdi. İkinci namizədim Məmmədrza Şeyxzamanov idi. Amma bu seçim məni qane etmirdi. Nədən ki, Şeyxzamanovun çöhrəsində daim bir xeyirxahlıq işığı yanırdı. Hərçənd rejissor yozumundan asılı şəkildə bu aktyor Teymurləngin bədii obrazları qalereyasında tamam fərqli Topal ola bilərdi. 1982-ci il yanvarın 23-də daha üç aktyorun soyadı Topal Teymur roluna namizəd kimi göstərildi: Həsənağa Turabov, Hamlet Xanızadə, Fazil Bayramov. Həmin qeyddə üstünlüyü Həsən Turabova verirdim. Faktura baxımındansa ürəyimcə olan Topal Fazil Bayramov idi. Ən nəhayət, Hamlet Xanızadənin üzərində dayandım. Mənə elə gəlir ki, yanılmadım. Tamaşanı çəkməmişdən əvvəl müxtəlif mənbələrə, arxivlərə üz tutdum. Məşhur antropoloq Gerasimov Teymurun kəlləsi əsasında onun üz cizgilərini bərpa etmişdi. Hamlet Xanızadənin portret qrimi onun əsasında quruldu. Tamaşanın çəkilişləri fasilələrlə bir ay davam etdi. Rol bölgüsündə müəyyən dəyişikliklər oldu. Mübaliğəsiz deyə bilərəm ki, tamaşa çox böyük coşqunluqla qarşılandı. Bu, təkcə tamaşanın effektindən irəli gəlmirdi. Bu, Cavidə xalqın məhəbbətindən irəli gəlirdi. Bu, sanki repressiya illərində repressiyaya uğramış talelərə olan münasibətin müəyyən bir eyforiyası idi. Yəqin ki, tamaşa da öz parametrləri ilə tamaşaçıların təsəvvürlərinə müəyyən bir qida vermişdi. Bu mənada təbii ki, mən də, tamaşanı ortaya çıxaran kollektiv də özümüzü çox xoşbəxt hiss edirdik. Mehdi Məmmədov gəlib tamaşaya baxdı və təqdimatda çıxış etdi”.
Daha sonra rejissor Ramiz Həsənoğlu bir faktı xatırlayır: 1941-ci il iyunun 21-də Səmərqənddə Teymur Ləngin qəbrini açıblar. Bizim də tamaşamız 42 il sonra, iyunun 21-də efirə getdi. Sonradan ayıq başla özüm üçün araşdırdım ki, nə üçün tamaşa belə bir sevgi ilə qarşılandı? Mənə elə gəlir ki, bu uğurun əsas səbəblərindən biri o vaxta qədər televiziyanın hələ özünü sənət ocağı kimi təsdiq etməməsi ilə bağlı idi. Artıq televiziyanın yaradıcı potensialı, texniki imkanları elə bir şərait yaratdı ki, biz bu səpkidə əsər ortaya çıxara bildik. Azərbaycan Televiziyası istər-istəməz sənət meydanına çevrilməyə başladı. «Topal Teymur» tamaşası da münbit bir şəraitdə meydana çıxdı. «Topal Teymur» tamaşası mənim üçün hesabat nöqtəsi idi. Bizə müvəffəq oldu ki, tamaşaçıları televiziyanın sənət ocağı olmasına inandıraq”.
Teatrşünas Aygün Süleymanova 2014-cü ildə Akademik Milli Dram Teatrında rejissor Mehriban Ələkbərzadənin quruluşunda "Əmir Teymur" tamaşası ilə Hüseyn Cavidin "Topal Teymur"unu da xıtırladır. Deyir ki, Əmir Teymur xalq artisti Nurəddin Mehdixanlının ifasında digərlərindən məhz Topal Teymurun Əmir Teymur kimi təqdim olunması ilə fərqlənirdi. “Bu, tamaşanın əsas ziddiyəti idi və qeyd edim ki, 1370-ci ildə Teymura əmir titulu verilmişdi”.
Qeyd edək ki, teatrşünasların fikrinccə, Topal Teymurun istər tarixdə, istərsə də mədəniyyətdə tutduğu mövqe müxtəlif nəsillərin bir daha geriyə dönüb baxması məcburiyyətini yaradır. Onu da qeyd edək ki, Hüseyn Cavid faktoru Azərbaycan gerçəkliyində fatehliyini qoruyub saxlayır... Hüseyn Cavid bu əsər ilə türk dünyasının vahidliyini bəyan edib.
Aydan Qasımova