Görüntüləri yayan media subyektləri ilə bağlı hansı tədbirlər görülməlidir? -Media ekspertlərindən rəylər

Bölmə: MEDİA › ,
Tarix: 22:29 14.02.2024

Fevralın 13-də Bakı Şəhərinin Xətai rayonunda Əhməd Əhmədovun törətdiyi qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri foto və videogörüntülər paylaşıb.

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası bu görüntülərlə bağlı birgə bəyanat yayıb.

Bəyanatda təəsüflə bildirilir ki, bir sıra media subyektləri baş vermiş hadisə ilə bağlı məlumatlarım ictimaiyyətə çatdırılmasında qeyri-həssas və qeyri-peşəkar yanaşma nümayiş etdirib, həm qanunvericiliyin, həm də peşə etikası qaydalarının tələbləri ciddi şəkildə pozulub, istər zərərçəkmiş şəxslərə, istərsə də onların yaxınlarına münasibətdə jurnalistika prinsiplərinə zidd təqdimetmə forması seçilib, bununla da cəmiyyəti maarifləndirmə funksiyasını yerinə yetirməli olan media ümumi qəbul edilmiş dəyərlər sistemi ilə bir araya sığmayan mövqe sərgiləyib.

 

İnformator.az media ekspertlərinin yayılan görüntülərə münasibətini öyrənib:

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əməkdaşlığı çərçivəsində təcrübəli pedaqoq, media eksperti Vəfa İsgəndərova (Aslan) saytımıza açıqlamasında təəsüflə bildirir ki, görüntülər nəinki sosial mediada, eyni zamanda ənənəvi media subyektlərində də yayımlandı.

 

"Bu hadisə peşə davranış qaydalarına, media haqqında qanuna ziddir. Onların qohumlarının, yaxınlarının icazəsi olmadan onların görüntüləri yayımlanmamalıdır. Burada cinayət hadisəsi baş verib və bu cinayət hadisənin üstü tam olaraq açıqlanmayıb. Bunun üçün cinayət prosesi başlanan ərəfədə bu cür təqdimatların efirə verilməsi yolverilməzdir. Çünki bunlar cinayət prosesinin tam şəkildə açılmasına maneə ola bilər. Bununla bağlı nəinki peşəkar jurnalistlər, eyni zamanda pedaqoqlar, psixoloqlar həyəcan təbili çalırlar’’.

 

Müsahib düşünür ki, həmin media subyektlərindən daha çox ənənəvi rəsmi reyestrdan keçən media subyektləri ilə bağlı tədbir görmək olar.

 

"Çünki bəzi formalar var ki, onlar azad formalardır. Bəzilərini hansısa şəxslər yaradıb və fəaliyyət göstərir, reyestrdən də keçməyib. Onların fəailiyyəti ilə bağlı heç bir tədbir görmək mümkün deyil. Rəsmi qeydiyyatdan keçən media subyektləri ilə bağlı tədbirlər görülməlidir. Müəyyən müddət onların proqramlarının yayımlanmasına qadağa qoyula bilər və ya peşəkar jurnalist qaydalarına zidd hərəkət edən jurnalistin fəaliyyətini müəyyən qədər diqqətdə saxlamaq, qadağa qoymaq olar".

 

Vəfa İsgəndərova vurğulayır ki, hər bir media subyektinin özünəməxsus peşə qaydaları olmalıdır.

 

"Ola bilər ki, həmin jurnalist fərdi səhifəsində onu paylaşıb və sonra onu digər sosial media kanalları tirajlayıblar. Həmin media subyekti mütləq şəkildə cəzalandırılmalıdır. Problem daxildə həll olunmalıdır. Media təşkilatları və qurumları həmin jurnalistə qarşı cəza, xəbərdarlıq tədbirləri görməlidir".  

 

 

Media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli , cəmiyyəti ciddi şəkildə silkələyən bu qətl hadisəsinin hər kəsdə çox böyük üzüntü yaratdığını vurğulayır. 

 

‘’Hadisə həm baş vermə mühiti, həm də miqyası baxımından çox faciəlidir. Hadisənin bu və ya digər formada mediada işıqlandırılması təbiidir. Çünki hadisə çox böyük ictimai əhəmiyyət daşıyır. Əlbəttə, burada çox önəmli 2 məqam var. Birincisi, medianın özünün peşəkar standartlarına sədaqətlə hərəkət edib informasiyanı yaymaq, ikincisi isə hüquqi çərçivələrə riayət etmək’’.

 

Ekspert qeyd edir ki, məsələnin iki boyutu var: Həm etik, həm də hüquqi boyut.

 

"Etik tərəfi istənilən media qrupu hadisəni təsvir etməməli və onun hansısa görüntülərini (xüsusilə vəhşət yaradan) heç bir halda verməməlidir. Qanunvericiliyə görə, azyaşlıların, zərərçəkənlərin qorunmasına görə də öhdəliklər var. Zərərçəkənlərin yaş fərqi olmadan hamısının şəxsi həyat məsələsi ön plandadır. Eyni zamanda azyaşlılarda həyatını itirib. Onların görüntülərinin açıq şəkildə verilməsi heç bir şəkildə düzgün deyil". 

 

Ələsgər Məmmədlinin sözlərinə görə, bu görüntülər hüquqi formada da yolverilməzdir.

 

" Bu, ‘’Media haqqında qanun’’-un 14-cü maddəsində ‘’yayılması qadağan olunan informasiyalar’’ kateqorsiyasına daxildir. Həmin informasiyalar paylaşılarkən maksimum dərəcədə ‘’şəxsi həyatın gizliliyi’’ prinsipinə riayət olunmalı, media etikası çərçivəsində hərəkət olunmalıdır’’.

 

 Müsahib medianın hüquqi məsuliyyətinin olduğunu da vurğulayır.

 

"Çünki hüquqi çərçivədə qanunvericiliyin tələbləri pozularsa və 3-cü şəxslərə zərər verilərsə, o zaman 3-cü şəxslərin özünümüdafiə hüquqları ortaya çıxır. Həm şəxsi həyatın qorunması , həm də şərəf-ləyaqət məsələsi ilə bağlı qanunvericiliyə zidd paylaşım edən media varsa, müvafiq nəzarətedici qurumlar , televiya ilə bağlıdırsa, Audiovizual Şura, reyestra qeydiyyatlı media subyektdirsə, Media Agentliyi onlara mahiyyət etibarı ilə xəbərdarlıq etməlidir" . 

 

Ekspert sonda bildirir ki, pozuntuların miqyası daha yüksək və daha böyük hüquqi məsuliyyət tələb edirsə, digər hüquqi addımlar da atıla bilər.

 

Sevinc Yarməmmədova