Jurnalist ömrünün parlaq siması: -Ellada Mustafayeva

Bölmə: MEDİA › ,
Tarix: 19:55 28.02.2024

Ellada Mustafayeva 2 noyabr 1988-ci il Bakıda anadan olub. Ziyalı ailəsində dünyaya göz açan Ellada ailəsinin ilk övladı ilk nuru idi. Evin böyük övladı olduğundan daim 2 qardaşına və 1 bacısına  ana qayğısı ilə yanaşırdı. Ona görə də kiçik yaşlarından hər şeyi dərk edən, düşüncəli bir uşaq olub. Məktəb vaxtlarında da nümunəvi şagird idi. Uşaqlıqdan yazıya böyük marağı olan Ellada o yaşlarından jurnalist olmaq arzusunda olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2006-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. 

 

 

Burda da öz savadı, ağılı və aktivliyi ilə seçilən Ellada Universiteti 2010-cu ildə fərqlənmə diplomu ilə bitirib və uğurlu elm yoluna magistraturada, daha sonra isə doktorantura təhsili ilə davam edib. Daim yeniliklərə, yeni biliklərə can atan Ellada Mustafayeva Almaniyada, Türkiyədə, Böyük Britaniyada, Amerika Birləşmiş Ştatlarında bir çox beynəlxalq təlim və tədris proqramları keçmiş, jurnalistika biliklərini daha da təkmilləşdirmişdi. O bunu təkcə özü üçün yox, həm də çox sevdiyi tələbələri üçün edirdi. Magistraturanı bitirdikdən sonra  Universitetdə qalaraq gənclərə fayda vermək, öz bildiklərini onlara da ötürmək üçün qalıb müəllim kimi fəalliyət göstərməyə başladı. O, tələbələrinə fayda verə bilmək , onlara maksimum bilik ötürə bilmək  müəllim adının haqqını vermək üçün daim çalışırdı. O müəllim idi-əsl müəllim! Yalnız dərsləri yox, tələbələrinə həm də nümunəvi insan olmağı, həyatı öyrədirdi. Onlara həm müəllimlik, həm də dostluq edirdi. 

 

Ellada Mustafayeva mehriban, dostcanlı, ailəcanlı bir insan idi. Ona görə də sevdiklərinə qarşı çox həssas idi. Qardaşı Mirteymuru avtomobil qəzasında itirmək ona ağır gəldi. Sanki o parlaq işıq sarsıldı, sönməsə də azaldı. Nə qədər ağır stress keçirsə də, bunu ətrafına bildirməməyə çalışırdı. Amma yoluxduğu ağır xəstəlik hər şeyi anlamağa bəs edirdi. Ailəsinin və sevdiklərinin dəstəyi ilə bu xəstəliyə qalib gələn Ellada həyata yenidən ümidlə baxmağa, yenidən həyat eşqiylə mübarizə aparmağa başlayır. Ailə qurur, sevdiyi insanla yenidən xoşbəxtliyə addımlamağa, yenidən parlamağa davam edir.

 

 

Ancaq bu xoşbəxtlik uzun sürmədi. 3 ay sonra xəstəliyinin fəsadları yenidən artdı, vəziyyəti ağırlaşdı. 1 həftə var gücüylə, həyat eşqiylə mübarizə aparsa da, bu dəfə xəstəliyə qalib gələ bilmədi. Dostlarını, qohumlarını, tələbələrini, müəllimlərini- bir sözlə, onu tanıyan hər kəsi qəmə boğdu. Xəstəliyə məğlub olsa da, qəlblərdəki yerini itirmədi, daha da möhkəmlətdi, varlığını daha sa ölümsüz etdi. 

 

 

Bütün işıqlıqların sonu zülmət, bütün zülmətlərin sonu işıqlıqdır. Bu işıqlar mütləq bir gün sönür, hamımızın ömür yolu bir gün qaranlığa qərq olacaq. Bu işıqlar bəzən gec sönür, bəzənsə tez. Bəzən tez sönən o işıqların parıltısı özündən sonra uzun illər davam edir, qəlblərə nur saçmağa davam edir. Elladanın parıltısı heç vaxt itməyəcək, sevənlərinin qəlbində əbədi yaşayacaq.