“Azərbaycanda audiovizual medianın tənzimlənməsi” mövzusunda mühazirə oxunub

Bölmə: MEDİA › ,
Tarix: 19:16 29.02.2024

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib.

 

 

Çıxış edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bu görüşün əhəmiyyətini, audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr arasında böyük maraq doğuran mövzu olmasını, bu sahədə daha çox məlumat əldə etməyin zəruriliyini vurğulayıb.

 

 

Daha sonra Şura aparatının rəhbəri Fazil Novruzov Azərbaycan Respublikası Audiovizual Şurasının öz fəaliyyətində BDU tələbələri ilə sıx kommunikasiyaya böyük önəm verdiyini, jurnalistika ixtisası üzrə təhsil olan gənclərdə audiovizual media tənzimlənməsi üzrə məlumatlılığın artılımasına səy göstərilməsini qeyd edib.

 

 

Audiovizual Şuranın hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı audiovizual, onlayn media subyektləri, media sahəsində dövlətin vəzifələri, Şuranın əsas vəzifə və funksiyaları barədə geniş təqdimatla çıxış edib.

 

Şuranın digər hüquqşünası Kamran Əliyev isə mediada yayılan informasiyaya dair tələblər, tətbiq oluna bilən sanksiyalarla bağlı tələbə-jurnalistləri məlumatlandırıb.

 

Təqdimatdan sonra mövzu və audiovizual medianın tənzimlənməsi üzrə tələbələri maraqlandıran digər məsələlərlə bağlı suallara cavab verilib.