Almaniyanın "Auqsburq" klubu "Qarabağ"ın yarımmüdafiəçiləri Marko Yankoviç və Abdullah Zubirlə yaxından maraqlanır

Bölmə: İdman › ,
Tarix: 16:45 11.03.2024

Klub rəsmiləri futbolçuları stadiondan bir neçə dəfə izləmək imkanı da tapıblar.

 

İdman Tv əməkdaşı Orxan Sübhan "İnformator.az"a açıqlamasında bildirib ki, Abdullah Zubir indiyə kimi "Qarabağ" üçün meydanda çox iş görüb. Xidmətləri böyükdür:

 

"Zubirin "Qarabağ"la müqaviləsi yayda bitir və eşitdiyim qədərilə Fransa, Şotlandiya, Almaniyadan təklifləri var. Fikrimcə növbəti mövsüm hazırkı performansı göstərə bilməyəcək. Ölkəmizə gəldiyi ilk vaxtlarda oynadığı futbolu zaman keçdikcə nümayiş etdirməkdə çətinlik çəkir. Yaş da öz sözünü deyir".

 

Müsahib Marko Yankoviçin transferi haqqında da danışıb:

 

"Marko Yankoviçə gəlincə, monteneqrolu komandanın vacib oyunçularından biridir. Gedişi əlbəttə ki, itki olacaq. Yankoviçi komandada qoruyub saxlamaq da çətin olacaq. Çünki, təklifləri günü-gündən çoxalır. "Qarabağ"la müqaviləsi davam etdiyindən Yankoviç yalnız yaxşı təklif qarşılığında gedə bilər ki, bu da "Qarabağ"a maddi baxımdan əlverişli təklif gələcəyi təqdirdə reallaşa bilər. Əks halda Qurban Qurbanov Yankoviçin komandadan ayrılmamasına çalışacaq.
"Qarabağ"ın futbolçularına tez-tez Avropanın müxtəlif çempionatlatında yarışan komandalardan təkliflərin gəlməsi əslində normaldır. Komanda Avrokuboklarda irəlilədikcə belə təklifləri hələ tez-tez eşidəcəyik".

 

Zəhra Həsənova