Rusiya-Ermənistan qarşıdurmasında hansı tərəf haqlıdır?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:00 04.04.2024

Paşinyan: "Ermənistan Rusiyaya qarşı pis heç nə etməyib".

 

Hökumət başçısı bu barədə görüntü paylaşıb. Görüntüdə Paşinyan Rusiya-Ermənistan münasibətlərindən danışıb. 

 

Politoloq Natiq Miri sözügedən məsələ ilə bağlı "informator.az"a açıqlama verib:

 

"Paşinyan hökuməti Rusiyanı Qarabağı Azərbaycana təhvil verməkdə eyni zamanda guya Azərbaycan Ermənistan ərazisinə hərbi müdaxilə etdiyi təqdirdə Rusiya və KTMT çərçivəsində qarşılıqlı yardım müqaviləsinə baxmayaraq Ermənistana yardım etmədiyini və Ermənistanı tək buraxdığını iddia edir və bununla bağlı Rusiyanı ittiham edir. Əslində bu ittihamlar Ermənistanın Rusiyadan uzaqlaşması üçün əsas səbəbdir. Erməni ictimai rəyinə bu kontekstdə təqdim edilir. Əlbəttə ki, Rusiya tərəfindən hələlik söz çərçivəsində müəyyən qarşılıq tapır. Belə ki, Rusiya da iddia edir ki, Ermənistan Azərbaycan arasında sərhəd hələlik müəyyənləşmədiyi üçün və bu qeyri-müəyyənlik kontekstində Rusiya və ya KTMT birbaşa hərbi toqquşmaya müdaxilə edə bilməz". 

 

Politoloqun sözlərinə görə, Rusiya da Ermənistanı ittiham edir:

 

"Qarabağ məsələsində Rusiya da Ermənistanı ittiham edir ki, guya Qərb dövlətlərinin, Avropanın o cümlədən NATO-nun təzyiqi ilə ilk dəfə olaraq 2022-ci il Praqa görüşündə Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyıb. Bu hadisədən sonra Rusiyanın Ermənistan üçün edə biləcəyi hər hansı bir məsələ qalmayıb. Qarşılıqlı ittihamlar davam edir. Ermənistan rəhbərliyi Rusiyaya qarşı tətbiq etdiyi ittihamları bəhanə gətirərək Rusiyanın orbitindən tədricən uzaqlaşmağa davam edir".

 

Zəhra Həsənova