Maşın Bazarında Qiymətlər

Bölmə: Sosial › ,
Tarix: 20:47 06.04.2024

İstehsal tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılması maşın bazarında qiymətlərə təsir göstərib.

 

Paytaxtdakı maşın bazarlarından birində həm alıcılar, həm də satıcılar qiymətin qalxdığını deyir. Özü də, nə az, nə çox - 1 000-2 000 manat. Satıcılardan biri, İlyas Muradov deyib ki, qiymətlərdə fərq köhnə avtomobillərdə daha çox müşahidə edilir.

 

Digər bir satıcı Nurlan Həsənov isə bunun səbəblərini başqa faktorla əlaqələndirib. Belə ki, o, hər ilə yay fəslində qiymətlərin artdığını qeyd edib.

 

Satıcı Əliş Əhmədov satışın azlığından gileylənib: “Qiymətlər kəllə-çarxa qalxıb. Alıcıların da cibinə uyğun olmadığı üçün bazarda durğunluq yaşanır”.

 

Satıcı Əmrah Babazadənin dediyinə görə, sürücülər xarici ölkələrdən rahat şəkildə maşın gətirə bilmədikləri üçün burdakı maşınlara tələbat daha çox artıb. O, həmçinin bildirib ki, alıcılar əsasən buraxılış ili köhnə, mühərrik gücü az olan maşınlara üstünlük verirlər. 

 

Alıcı Kənan Əbdürəhmanov qiymət artımını subyektiv səbəblərlə əlaqələndirərək deyib: “Hərə qiyməti bir səbəbdən qaldırır. Alıcı çoxdur, amma ala bilən yoxdur. Avtomobillərin qiyməti çox artıb. Xüsusən “Mercedes” markalı maşınların”.

 

Demək olar ki alıcıların hər biri qiymətlərin artmasından şikayət edib. 

 

Toğrul İbrahimov