"Rusiya-Ukrayna müharibəsi ABŞ və Avropa üçün gözləniləndən daha çox baha başa gəlir"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:21 19.04.2024

Donald Tramp: Ukraynaya dəstək artırılmalıdır.

 

Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Ukraynanın sağ qalması ABŞ üçün zəruridir.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "informator.az"a açıqlamasında bildirir ki, artıq Ukrayna - Rusiya savaşı ABŞ və Avropa üçün gözləniləndən daha çox baha başa gəlir:

 

"Məhz elə bu baxımdan da,problemin həlli üçün alternativ yollar düşünürlər. Hətta bir qədər əvvəl Ukrayna prezidentini əvəzləmək üçün namizəd axtarışına da keçmişdilər. Ukrayna prezidenti də açıq - aşkar Qərbi, sözün məcazi mənasında bəzən danlayır, lazımınca dəstək, silah verməməkdə günahlandırır. İsrailə verdiyi dəstəyi Ukrayna üçün də uman və tələb edən Zelenski əgər gözlədiyi dəstəyi görməsə ya istefaya gedəcək, ya da Qərbə qarşı açıq çıxış edəcək. Bu savaş həm ehtimal ediləndən daha çox xərc hesabına başa gəlir, həm də Qərbin nüfuzuna ciddi zərbə dəyir. Rusiya müəyyən mənada balansı qoruyub saxlaya bilir. Savaşın səbəbkarı kimi Qərbi, ABŞ - ı günahlandıranlar getdikcə artır. Rusiya da geri çəkilmir, müharibə ancaq Ukraynaya ciddi ziyan vurur".

 

Politoloqun sözlərinə görə, hələ savaş dayansa belə dağıntıları, dəymiş ziyanı bərpa etmək üçün milyardlar lazımdır:

 

"Qərb, əsasən də ABŞ öz maddi maraqları üçün Ukraynanı demək olar ki, qurban verir. Tramp hər zaman indiki ABŞ yönətiminə əks bəyanatlar verir, bir növü müxalif fikirləri ilə gündəmə gəlir. Demək Ukraynaya dəstəyin lazımınca olmadığını o da görür və əsaslı olaraq bu fikir səsləndirir. Şübhəsiz ki, dəstək ona görə lazımdır ki, bu savaşı ABŞ özü başladıb. İndi Ukrayna yarı yolda öz ümidinə qoymaq Ukraynanın məhvi demək olardı. Ona görə məcburdur ki, sonadək dəstək versin. Özü də lazımınca. Şübhəsiz ki, İsrail - Həmas, son günlər də İran - İsrail münaqişə və müharibələri bir qədər Ukrayna mövzusunu diqqətdən yayındırıb. Avropa üçün Ukrayna əsasən Rusiyanı çökürtmək üçün lazımdır. Çünki müsəlman dövlətləri, Türk ölkələri ilə Rusiyanın daha sıx, əsasən regional əlaqələri var. Post sovet ölkələri də daxil olmaqla Avropa Rusiyanın əlaqələri olan bütün dövlətləri Rusiyaya qarşı qaldırmaq istəyir".

 

Ukraynaya gəlincə isə politoloq qeyd edir ki, öz inkişafı üçün onlar maraqlı deyil:

 

"Onlara Ukraynanı Rusiyanın təsirindən çıxarmaq lazımdır. Əvvəllər Avropaya insan hüquqlarının beşiyi, demokratiya mərkəzi kimi baxan dövlətlər artıq ona bu gözlə baxmır. İstər Türkiyə və Azərbaycana qarşı, istərsə də digər ölkələrə qarşı Fransa kimi Avropa ölkələrinin mövqeyi, ədalətsiz siyasəti və istismarçı yönü Avropanı kifayət qədər nüfuzdan salıb. Əsasən də islama və müsəlmanlara qarşı yürütdüyü siyasət Avropanı bir növ ifşa edib".

 

Aytac Kərimova