Prezident İlham Əliyevin Rusiyaya səfəri: Hansı məsələlər müzakirə olundu ?-Deputatdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 22:40 22.04.2024

Aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü başlayıb.

 

Mövzu ilə bağlı Milli məclisin üzvü Naqif Həmzəyev "informator.az"a açıqlamsında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdədir:


"Bu görüşün baş tutmasında əsas məqsəd ilk növbədə BAM layihəsinin inşasının 50 illik yubileyi ilə əlaqədardır. Burda görüş zamanı bu tikintinin icrasında iştirak etmiş bir çox veteranla birlikdə görüş keçiriləcəkdi. Həmçinin nəzərə alaq ki, bu layihənin baş tutmasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin çox böyük əməyi var. O, məhz bu layihəyə rəhbərlik edib və onun rəhbərliyi altında bu layihə nəhayət ki, reallaşıb, istifadəyə verilib. Bu gün də ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir və bu yubiley tədbirində də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirak etməsi və bu səbəbdən də onun tədbirə dəvət edilməsi çox xoş bir haldır. Bunula yanaşı, iki Respublika arasında bilirsiz ki, artan xətt üzrə münasibətlər inkişaf etməkdədir. Artıq dövriyyənin həcmi də artır, 4 milyardı keçib. Eyni zamanda 2022-ci ildən başlayaraq müttəfiqlik əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı da bir çox sənədlərin hazırlanması və razılaşdırılma işləri davam etməkdədir. Rusiya həm 44 günlük Vətən müharibəsinin gedişində, həm də sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Azərbaycanın daxili məsələlərində, öz hüquqlarının bərpası məsələsində də Azərbaycanın mövqeyinə dəstək nümayiş etdirib".


Deputat əlavə edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə çaldıqdan sonra rus sülhməramlılarının məhz Azərbaycan ərazisində yerləşərək erməni əhali ilə azərbaycanlılar arasında münasibətlərin tənzimlənməsini həyata keçirirdilər:


"Rus sülhməramlıları mandatı 2025-ci ilə qədər idi. Azərbaycanın 2023-cü ildə "qondarma rejim"in fəaliyyətini dayandıraraq buradakı qanunsuz erməni silahlı birləşmələri tərksilah etdikdən sonra və Azərbaycan tam olaraq suverenliyini bərpa etdikdən sonra rus sülhməramlılarının missiyası başa çatmış kimi qiymətləndirilirdi. Vaxtından əvvəl rus sülhməramlılarının burdan çıxması da Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimadı əsasında qurulduğunun bir daha bariz nümunəsidir. Bu baxımdan da Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından tez çıxması Azərbaycanın daxili və xarici siyasətinin və Cənab prezidentin uğurlu diplomatiyasının qələbəsi kimi dəyərləndirilməlidir. Burda hansısa bir gizli məqamlar axtarmağa da ehtiyac yoxdur. Bu, Azərbaycan və Rusiya münasibətlərinin qarşılıqlı etimad əsasında qurulmasına bir nümunə kimi dəyərləndirilir.
Mən düşünürəm ki, bu görüşdə də gələcək regional təhlükəsizlik məsələləri müzakirə edilib. Bunula yanaşı növbəti illərdə Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi üçün, iqtisadi münasibətlərin zənginləşdirilməsi üçün bir çox layihələr müzakirə edilib. Azərbaycan bütün qonşuları ilə xoş münasibətlərini qoruyub saxlamaqda və bu münasibətləri inkişaf etdirməkdə maraqlıdır".


Naqif Həmzəyev sonda vurğulayıb ki, biz ümid edirik ki, Ermənistan Qərbin təsiri altına düşərək regionda yenidən münaqişənin alovlanmasını dəstəkləməyəcək:


"Bu baxımdan da Azərbaycan bütün tərəflərlə münasibətlərini normal saxlayaraq regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasını istəyir. Rusiya da Cənubi Qafqazda açar dövlətlərdən biridir. Rusiya-Azərbaycan münasibətlərinin əla vəziyyətdə olması nəticə etibarilə Azərbaycanın da milli təhlükəsizlik maraqlarına xidmət etməkdədir. Mən inanıram ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yeritməyə davam edəcək və qarşısına qoyduğu bütün məqsədləri mərhələli şəkildə reallaşdıra biləcək".

 

 

Vüqar Alışov