Fövqəladə vəziyyət: Meymunçiçəyi virusunun yoluxma yolları və əlamətləri...-Mütəxəssisdən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 13:40 16.08.2024

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır.

Sözügedən virus necə yayılır və vətəndaşlar bu virusa yoluxmamaq üçün nələrə diqqət etməlidirlər?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "İnformator.az"a açıqlama verib. Onun sözlərini görə, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənən materiallarla təmas yolu ilə baş verir:

"Viruslar bədənə zədələnən dəri, nəfəs  yolları  və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır".

Həkim virusun əlamətlərindən bəhs edib:

"Virusun gizli dövrü adətən 5-21 gündür. 5 günədək davam edə bilən başlanğıc  dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətləri rast gəlir. Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10% arasında dəyişir. Əsasən risk qrupları arasında ( kişik yaşlı uşaqlar, hamilə qadınlar, Immundefisitli şəxslər) rast gəlir. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar olunması və təcrid olunmasıdır.

Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı  lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə vaksinlər az miqdarda istehsal olunur və  yalnız bu virusa endemik ölkələrə paylanılır".

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti meymunçiçəyi virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

Banuçiçək Kalbalıyeva