Sənədsiz evlərin aqibəti necə olacaq ?-Ekspert Açıqlayır

Bölmə: Sosial › ,
Tarix: 16:08 25.11.2024

Bu gün istər paytaxt, istərsə də rayonlarda kifayət qədər sənədsiz evlər var. KİV-də yayılan məlumatlara əsasən, yanvar ayından etibarən sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı bir sıra addımlar atılmalıdır.



Mövzu ilə bağlı "informator.az"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda Azərbaycanda təxminən 500 minə qədər sənədsiz evlər mövcuddur:

 

"Hazırda sənədsiz evlərin əksəriyyəti sovet dövründə tikilmiş evlərdir. Məhz həmin evlərdə insanların uzun illərlə yaşamasına baxmayaraq, hələ də sənədləşdirmə prossesi həyata keçirilməyib. Təbii ki, bunun bir sıra səbəbləri mövcuddur. Abşeron ərazisində çox sayda salınmış massivlərə, qəsəbələrə, kənd tipli yaşayış məntəqələrinə çıxarışların verilməməsinin əsas səbəblərindən biri bir zamanlar həmin torpaqların kolxoz və sovxozlar tərəfindən vətəndaşlara ayrılması, rayon icra hakimiyyətlərinin verdikləri sərəncamlar və daha sonra isə 2000-ci ildən 2007-ci ilə qədər bələdiyyələrin vətəndaşlara fərdi yaşayış məntəqələrinin tikilməsi üçün torpaq sahələri ayrılması aiddir. Həmin torpaq sahələrində tikilmiş evlərin bəzilərinin sənədləşmə prossesi həyata keçirilirsə də, bu prosses bütün evlər üçün şamil olunmadı. Bunun əsas səbəblərindən biri həmin evlərin qadağan olunmuş sahələrdə yerləşmələri idi. Digər səbəb isə həmin evlərə yaşayış məntəqəsi olaraq təyinatın verilməməsidir".

 

O, həmçinin gələcəkdə sənədsiz evlərin sənədləşdirilməsi prossesinin yollarını da açıqlayıb:

 

"Sənədsiz evlərin sənədləşdirilməsi üçün əvvəl həmin evlərin təyinatları dəyişdirilib, yaşayış məntəqəsi torpaqlarına çevrilməlidir. Sonrakı mərhələdə isə sənədləşdirilmə prossesi həyata keçirilə bilər. Bu məsələ ilə bağlı cənab prezident İlham Əliyevin 28 sentyabr tarixində "Kənd təsərrüfatı təyinatlı torpaqların təyinatlarının dəyişdirilməsinin sadələşdirilməsi" ilə bağlı fərmana əlavəsinə əsasən, bəzi ərazilərdə torpağın təyinatı kənd təsərrüfatı olsa da, bu ərazilərdə kütləvi yaşayış massivləri salınıb və bu ərazilərə çıxarışların verilməsi gözlənilir".

 

Aydan Talıblı