Uşaqlarda loqopedik problemlər, onların yaranma və həlli yolları -Həkim AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 16:55 16.08.2024
Fərdin formalaşması üçün əsas əlamətlərdən biridə nitqdir.Düzgün nitq qarşılıqlı anlamanın açarıdır.
Uşaqlarda nitqin inkişafına təsir edən amillər nələrdir? Nitq problemləri neçə yaşa qədər həll oluna bilir?
Bu barədə loqoped defektoloq Günel Fərzəliyeva "informator.az"a açıqlamasında bildirib ki, nitq problemləri həm genetik, həm də funksional səbəblərdən yarana bilir:
"Uşaqlarda nitqin inkişafına təsir edən amillər bioloji səbəbdən də ola bilir, funksional səbəblərdən də ola bilir. Bioloji səbəblərə genetik faktorları, müxtəlif organik səbəbləri aid edə bilərik. Funksional səbəblərə isə kənar təsirlər nəticəsində olan müəyyən simptomları aid etmək olar. Eyni zamanda sosial amillər də var ki, sosial bacarıqların normal formalaşmaması, sosial adaptasiyanın doğru olmaması və bu kimi hallarda da artıq bir müddət sonra müəyyən dönəmlərdə nitqin inkişafında məhdudiyyətlər yarada bilir və nitqin inkişafına müəyyən təsirini göstərir".
Loqoped, defektoloq hansı yaş dövründə nitq problemlərinə rast gəlindiyindən də söz açdı:
"Əslində istənilən yaş dönəmində nitq qüsurlarına rast gələ bilərik. Məsələn, kiçik yaş dönəmində nitqin inkişafdan qalması, nitq ləngiməsi, autizm, daun və bu kimi sindromlarda artıq müəyyən qədər nitqdə ləngimələr özünü göstərir. Digər yaş qruplarında da nitq qüsurlarına rast gəlinir. Ən əsası da böyük yaş qruplarında olan kəkələmədir. Bu tip nitq qüsurları müəyyən travma sonrası rast gəlinir.
Mütəxəssislər nitq problemlərini ən kiçik yaş dönəmi olaraq 1 yaş yarımdan müəyyən etməyə başlayır. Valideynlər isə bu problemləri ən gec 2-3 yaş aralığında müəyyən edə bilir".
Günel Fərzəliyeva nitq problemlərinin necə yarana bildiyini və nitq problemlərinin korreksiyası üçün nələrə diqqət edilməli olduğunu da qeyd etdi:
"Nitq qüsurunun anadangəlmə və ya sonradan yaranmış olmasını öyrənmək üçün hansı dönəmlərdən etibarən yaranmasını, hansısa zədələnmənin olumasını və ya inkişafda müəyyən bir problemlərə rast gəlinib, gəlinmədiyini araşdırırıq.
Nitqin tam inkişaf edib formalaşması 5 yaşa qədər özünü göstərir. 5 yaşdan sonra bizim nitq üzərində əldə etdiyimiz nəticələr yarı-yarıya azalmış olur. Bura ən çox anadangəlmə nitq problemlərini aid etmək olar. Həmçinin kiçik yaşlarından qazanılmış nitq qüsurlarınında üzərinə vaxtında düşmədikdə bir müddət sonra başqa problemlərlə ortaya çıxmış olur.
Sonradan yaranmış nitq qüsurları və kəkələmələr istənilən yaş dönəmində korreksiya oluna bilir".
Aslanova Fatimə