Onlayn alış-verişdə artım: Üstünlükləri və diqqət edilməli məqamlar nələrdir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:45 16.08.2024

Son illərdə onlayn alış-veriş edən insanların sayı xeyli artıb. İstər geyim, istərsə də digər sektorlarda mağazaya getmədən onlayn şəkildə istənilən məhsulu ala bilmək çoxları üçün böyük bir fürsətdir.

Onlayn alış-veriş zamanı diqqət edilməli olan məqamlar və bu ticarət növünün üstünlükləri mövzusunda marketoloq Bəylər Əlizadə "informator.az"a açıqlama verib. Marketoloq qeyd edib ki, pandemiyadan sonra onlayn alış-veriş 2-3 qat sürətlənib:

"Onlayn alış-verişə marağın əsas səbəbi zaman keçdikcə insanların rahatlıq və sürətə öyrəşməyi, istədikləri xidmətə və ya əşyaya əlçatanlığın asanlaşmasıdır. Pandemiya isə öz növbəsində bu prosesi 2-3 qat sürətləndirdi. İstər müştərilər, istərsə də bizneslər bu mərhələni aşmalı olduqlarını və bunun hər iki tərəfə xərclər baxımından da daha sərfəli olduğunu anladılar. Hazırda ölkəmizdə mağazalarda da bu sahədə inkişaf müşahidə olunur. Hansı ki, yerli bazar bir dəfə bu cəhdi edib sonradan dayandırıb. Bu gün artıq görürük ki, böyük supermarketlər, markalar yenidən öz rəqəmsal kanallarını gücləndirir və bu sahədə ciddi addımlar atırlar.
Alıcılar kart oğruları və digər mənfi hallarla qarşılaşmamaq üçün alış-veriş edəcəyi saytları əvvəlcə ciddi analiz etməlidirlər. Sonra isə alacaqları məhsula, haqqındakı məlumatlara və məhsul haqqındakı rəylərə baxmalıdırlar. Onlayn alış-verişdə vacib məsələ aradakı vasitəçi karqo şirkətləridir. İstər qiymət, istərsə də keyfiyyət məsələsində karqolarını düzgün seçməlidilər ki, yerli, xarici markalardan aldıqları məhsul onlara vaxtında, uyğun qiymətə, sürətli və sağlam şəkildə çatdırılsın".

Marketoloq onlayn alış-verişin digər ticarət növlərindən fərqini də  izah edib:

"Onlayn alış-verişdə qiymət artımı ilə alış tərs mütənasibdir. Qiymət artdıqca müştəri onlayn alışa çox da meyl etmir. O məhsulu fiziki olaraq görmək, toxunmaq və satıcıdan əmin olmaq istəyir. Əgər alış qərarı verib düzgün məhsulu seçirsə təbii ki, burada üstünlüklər artır. Onlar fiziki mağazadan fərqli olaraq bu alışı evdən çıxmadan, əlavə bir əziyyət çəkmədən edir. Çeşid və kateqoriyalara tək ekran üzərindən baxır, digər müştərilərin fikirlərini öyrənir və qiymət, keyfiyyət müqayisəsi apara bilirlər. Bu alışlar təkrarlandıqca qarşı tərəfin rəqəmsal alqoritmləri müştərinin davranışını öyrənir və onun qarşısına onun belə düşünə bilməyəcəyi maraqlı təkliflər çıxarır. Bu da təbii ki, müştərilər üçün əlavə bir üstünlükdür".

Zeynəb Mustafazadə