"İnternetin bahalaşmasında qanunsuzluq müəyyən olunsa..."-RƏY
Bölmə: Sosial › ,Tarix: 18:59 19.08.2024
Artıq son bir neçə gündür ki, internet qiymətlərinin artması ciddi münaqişələrə səbəb olub.
Dövlət qurumları internetin qiymət artımını qanunsuzluq hesab edir.
Mövzu ilə bağlı Hüquqşünas Arslan Eldar oğlu "informator.az"a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə internetin qiymetinin artması ilə bağlı olduqca narazılıqlar çoxdur:
"Bunu həm sosial şəbəkələrdə müşahidə etdiyim vətəndaşların rəylərində, həm də ümumiyyətlə ətrafımdakı insanlar arasında görürəm. İnternet satan şirkətlər var ki, bunlar müvafiq nazirliyin verdiyi lisenziya əsasıda fəaliyyət göstərir. Əgər müəyyən olunsa ki, həmin şirkət qanunsuzluğa yol verib, düzgün fəaliyyət göstərmir və s. bu zaman nazirlik həmin lisenziyanin ləğvi məsələsini qaldıra bilər.
Ödənişlərin geri qaytarılması ilə bağlı məsələyə gəldikdə ümumiyyətlə internetin paylanılması üçün hər bir vətəndaşla müqavilə bağlanılır. O müqavilədə qiymət müəyyənləşdirilir. Əgər bir şirkət o müqavilə əsasında qiymətdə deyişiklik edirsə, bu mütləq qaydada müqavilədə əks olunmalıdır.
Bir halda ki, müqavilədə əks olunmayıbsa, qiymətin bir tərəfli qaldırılması bu artıq qanunsuzluqdur və istehlakçılarda öz hüquqlarından istifadə edərək müqavilə şərtlərinin pozulması ilə bağlı həmin şirkətə müraciət edib, həmin pulu geri tələb edə bilərlər".
Məsələyə "Bakı Telefon Rabitəsi" MMC -nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva münasibətini bildirib. Onun sözlərinə görə, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin yeni sürət tarifləri təqdim etməsində məqsəd vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır:
"Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır. Şirkətimiz davamlı olaraq bazar konyukturasını resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyət və şirkətin maliyyə dayanıqlılığı, habelə xidmət keyfiyyətinin mütəmadi artırılması kontekstində dəyərləndirir. Xidmət şərtlərimiz və qiymət təkliflərimiz barədə məlumatlar “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında dərc edilib.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq. Hər Mbit/s üçün ödəniş məbləği 0,45 AZN-dən 0,25 AZN-ə endiriləcək.
“Aztelekom” MMC-nin və “Bakı Telefon Rabitəsi” MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqusta qədər olubsa, növbəti hesablama dövrünə qədər heç bir əlavə ödəniş etmədən mövcud GPON tarifi ilə davam edəcəklər.
Məsələn, abunəlik müddəti 10 avqust tarixində yenilənən müştərilərimiz növbəti hesablama dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə heç bir əlavə ödəniş etmədən əvvəlki şərtlərlə davam edəcəklər. Abunəçilərdə əlavə borc yaranmayacaq.
Həm “Aztelekom” MMC-nin, həm də “Bakı Telefon Rabitəsi” MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqust və sonrakı tarixlərə təsadüf edərsə, hesablama yeni tariflərlə qeydə alınacaq.
Qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin və “Bakı Telefon Rabitəsi” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək".
Elnurə Kərimova