"Gənclərin inkişafı ölkənin inkişafı deməkdir"-RƏY
Bölmə: Sosial › ,Tarix: 15:03 20.08.2024
"Sosial aktivlik insanın həyatındakı mövqeyi, cəmiyyətdə inkişafı, bir şəxsiyyət kimi özünü reallaşdırmaq üçün həm önəmli, həm də motivasiyaya yönləndirilmiş əhəmiyyətli amillərdəndir".
Bu sözləri informator.az"a açıqlamasında Psixoloq Samirə Bağırova söyləyib. Psixoloq sosial aktivliyin əhəmiyyətindən bəhs edib:
"Sağlam rəqabət, hədəf qurmaq, ruhi rifahı yaxşılaşdırmaq, geniş bilgilər əldə etmək, yeniliyə açılmaq, həyata tutunmaq, maraqlı olmaq, kommunikasiya, özünü təhlil, şəxsi bacarıqlarını inkişaf etdirmək və qısası daha mənalı, reproduktiv həyat yaşamaq üçün əhəmiyyətlidir. Eyni zamanda sosial aktivlik yaddaş, düşüncə, analiz qabiliyyətini, psixi sağlamlığı da yaxşılaşdırır və yaşlanmanı, koqnitiv qabiliyyətlərin zəifləməsini gecikdirir. Sosial aktivliyi bir, yaxud bir neçə sahədə inkişaf etdirmək mümkündür. Bu, insanın iş və şəxsi həyat tərzindən asılıdır. Sırf işgüzarlığı tətbiq etmək ilə əlaqəli sosial aktivliyə də fokuslanma mümkündür. Sosial aktivliyin inkişafı sayəsində ictimai fəaliyyətlərdə iştirak ümumi olaraq cəmiyyət üçün nümunəvi davranışlar sərgiləyir ki, bu da inkişafa doğru addımlamaqdır".
Samirə Bağırovanın sözlərinə görə, gənclərin inkişafı ölkənin inkişafı deməkdir:
"Azərbaycanda gənc nəslin sosial aktivliyini genişləndirmək üçün, əslində bu məktəb illərindən başlasa daha yaxşı olar. Sadəcə bəzi hallarda yanlış yönləndirmələrə də rast gəlinir. Öncəliklə gənclər əvvəlcə öz hədəflərini müəyyənləşdirməlidir ki, müxtəlif sosial layihələrdə, təcrübə proqramlarında, təlimlərdə iştirak edərkən hara, necə və hansı səbəblə getdiyini bilmiş olsun. Müxtəlif maraq dairələrinə uyğun kiçik klublar yaradılmalı, sosial şəbəkələr vasitəsilə təbliğ olmalıdır. Hərçənd ki, artıq yeni-yeni bəzi klublar mövcuddur. Gənclərin inkişafı isə ölkənin inkişafı deməkdir. Sosial aktivlik gənclər qədər, yaşlı nəsil üçün də əhəmiyyətlidir. Eyni zamanda yalnız paytaxtda deyil, regionlarda da gənclər arasında sosial aktivliyi inkişaf etdirmək vacib məsələlərdən biridir".
Fatimə Abdulrəhimli