"DİM bu qədər "sistem boşluğu"na niyə laqeyd yanaşır"?!-Ekspertdən ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 20:50 22.08.2024

"Hamı bilir ki, test üsulu ilə imtahanlarda hər kəsin biliyi düzgün qiymətləndirilir. Və bu biliyə uyğun olaraq da imtahan verən şəxs yer tutur". Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə müsahibəsində söyləyib.

Bəs, test üsulu qədər açıq tipli suallar da düzgün qiymətləndirilirmi?

Bu barədə "İnformator.az"a açıqlamasında elm və təhsil eksperti Cahid İmanlı bildirib ki, test üsulu ilə imtahanların aparılması birmənalı şəkildə müsbətdir. Lakin hazırda bu sistemdə müəyyən boşluqlar var:

"Xüsusilə də açıq tipli suallara müəyyən  meyarlarla balların verilməsi ən çox mübahisə doğuran məqamlardan biridir. Hər il DİM-in həm buraxılış, həm də blok imtahanlarından sonra apelyasiyaya minlərlə abituriyent müraciət edir. Onların bir qisminin balları az və ya çox, bəzən isə əhəmiyyətli dərəcədə  yenidən artırılır. Elə hallar olur ki, müraciət edən abituriyentə səhvən artıq bal yazıldığı müəyyən olunaraq, balı aşağı salınır. Üstəlik, abituriyentlərin böyük bir hissəsi də  müəyyən səbəblərdən açıq sualların yenidən qiumətləndirilməsi üçün apelyasiyaya müraciət etmir. Deməli onların da "balları kəsilərək" hüquqları pozulmuş olur. Nəzərə alsaq ki, test sistemində nəinki 1 bal, 0,1 bal belə abituriyentlər üçün həyati əhəmiyyətli rol oynayır. O zaman sual yaranır ki, DİM belə bir məsuliyyətli işdə bu qədər "sistem boşluğuna" niyə laqeyid yanaşır. Nəzərə alsaq ki, 1 qapalı sual haradasa 3 bal edir. Açıq sualların apelyasiyası zamanı isə  abituriyentlər 10 baldan yuxarı belə "kəsilən" ballarını bərpa edə bilirlər. Məsələyə hüquqi çərçivədən yanaşdıqda  abituriyent hətta öz haqqını bərpa etmək üçün məhkəməyə belə müraciət edə bilər".

Ekspertin fikrincə, ümumiyyətlə DİM ya açıq sualları ləğv etməli, ya da onların yoxlanılmasını elektronlaşdırmalıdır:

"Əks halda  markerlərin təcrübəsizliyi, diqqətsizliyi və açıq sualların düzgün meyarlarının qoyulmamasına görə belə xoşagəlməyən hallarla davam edəcək. Açıq sualların yoxlanılması digər tərəfdən imtahan cavablarının da xeyli gec çıxmasına gətirib çıxarır. Buna görə DİM də buraxılış imtahanlarını mart ayından keçirmək məcburiyyətində qalır, bu da öz növbəsində məktəblərdə pedaqoji prosesi tamamilə pozur".

Fidan Fərhadlı