"Gender bərabərliyi təkcə qadın hüquqlarının müdafiəsi deyil..."-RƏY

Bölmə: Sosial › ,
Tarix: 15:02 23.08.2024

"Gender bərabərliyi haqqında danışarkən mütləq şəkildə qadın hüquqlarının pozulması ilə bağlı təsəvvür ortaya çıxır. Ancaq gender bərabərliyi eyni zamanda kişi hüquqlarının da müdafiə edilməsi deməkdir".

Bu sözləri "informator.az"a açıqlamasında Sosioloq Lalə Mehralı söyləyib.

Sosioloq işə götürmə prosesində gender bərabərliyindən də bəhs edib:

"Əsasən işə götürmə proseslərində kişilərlə bağlı problemlər meydana çıxır. Daha çox qadın işçilərə üstünlük verilməsi məsələsi kişilərin işsizlik nisbətini artırmağa sövq edir. Statistik məlumatlarda qadınlara kişilərə nisbətən daha çox təlabat olması məsələsi özünü biruzə verir. Bütün sferalarda əslində kişilərin iş tapması prosesi çətinləşir.

Əslində bir insanda potensial varsa və özünü işinə kökləyə bilirsə, uğur qazanmaması üçün hər hansı bir problem olmamalıdır. Əgər işdə rəqabətlilik, obyektivlik varsa və rəhbərlik cinsindən, kimliyindən, yaşından asılı olmayaraq bütün işçilərə eyni münasibət göstərərsə, bu zaman qadın və kişi olmasından fərqli olmayaraq hər iki tərəfin uğur qazanması mümkündür. Ən önəmlisi işini yaxşı bilmək, lazımi biliklərə malik olmaq və məsuliyyətli olmaqdır".

Lalə Mehralının sözlərinə görə, əksər hallarda, peşə savadı, məsuliyyət, intellekt səviyyəsi, işini yaxşı bilmək belə yetərli olmur:

"Təəssüflər olsun ki, bu əsasən qadın işçilərdə daha çox problem yaradır. Bəzi hallarda, qadınların gözəgəlimli olması, cəlbedici görünməsi, geyimi də onun maaşına təsir göstərə bilir. Bəzi elanlarda da bu hala rast gələ bilirik".

Fatimə Abdulrəhimli