Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bölmə: Sosial › ,
Tarix: 19:47 26.08.2024

Bu gün ilin ən "Mehriban" günüdür. Bu gün Azərbaycan Respublikasının  I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

İnformator.az xəbər verir ki, Mehriban Arif qızı Əliyeva 1964-cü ilin 26 avqustunda Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.

2002-ci ilin oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Həmin ildə AGF-nin fəaliyyətinə 4 gimnastika növünün inkişafı daxil idisə, bu gün ölkəmizdə artıq 9 gimnastika növü inkişaf etdirilməkdədir. Gimnastlarımız Olimpiya Oyunlarında iştirak edib, Dünya və Avropa Çempionatlarının mükafatçıları olublar. 2014-cü ildən etibarən isə dünyada nadir idman tikililərindən hesab olunan Milli Gimnastika Arenası gimnastlarımızın məşq etməsi və yarışların keçirilməsi üçün istifadəyə verilib.
Mehriban Əliyeva Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.

2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.

2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

2015-ci ildə növbəti dəfə eyni dairə üzrə deputat seçilən Mehriban Əliyeva bu dəfə 96,7% (38 029 səs) səs toplayıb.

2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Bu təyinatla əlaqədar 6 mart 2017-ci il tarixində V çağırış Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib.
2019-cu il avqustun 13-də Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Qadına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən,keçdiyi mənalı ömür yolu,nəcibliyi,xeyirxahlığı və bənzərsiz ictimai-siyasi fəaliyyəti ilə bütün dünyada yüksək ehtiram sahibi olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar arzu edirik!

Zeynəb Mustafazadə